BAKI, VOA, Nailə Babazadə
Venesuelanın keçid dövrü üzrə dövlət başçısı Delsi Rodrigez, paytaxt Karakasda gənc aktivistlərlə keçirilən tədbirdə çıxış edərək ABŞ-a mühüm ismarışlar göndərib.
VOA xəbər verir ki, ABŞ-ı "ortaq və dost" kimi xarakterizə edən Rodrigez, ölkəsinə qarşı illərdir tətbiq olunan bütün sanksiyaların və blokadanın dərhal dayandırılmasını tələb edib.
O, ABŞ Prezidenti Donald Trampa müraciət edərək bildirib: "Prezident Tramp, bir dost və tərəfdaş kimi, ABŞ ilə yeni əməkdaşlıq gündəminə başladığımız bu dövrdə ölkəmizə qarşı sanksiyaları dərhal sona çatdırın. Çünki bu blokada həm də Venesuela gəncliyinə qarşı yönəlib".
Rodrigez çıxışında Donald Trampın Venesuela haqqında işlətdiyi tərif dolu ifadələrə görə təşəkkürünü bildirib. O qeyd edib ki, Venesuela heç vaxt nə ABŞ-ı, nə də dünyanın hər hansı digər ölkəsini təhdid edən bir dövlət olmayıb. ABŞ ilə hər zaman dostluq və əməkdaşlığa əsaslanan geosiyasi anlayışı müdafiə etdiklərini vurğulayan keçid hökumətinin rəhbəri, münasibətlərin normallaşması üçün blokadanın aradan qaldırılmasının vacibliyini qeyd edib.
Delsi Rodrigez çıxışında yanvarın 3-də baş verən hadisələrə də toxunaraq, həmin tarixi "pis bir başlanğıc" kimi qiymətləndirib. Xatırladaq ki, həmin tarixdə Karakasda partlayış və təyyarə səsləri eşidilmiş, ABŞ Prezidenti Donald Tramp isə Nikolas Maduro və həyat yoldaşı Siliya Floresin ölkə xaricinə çıxarıldığını elan etmişdi. ABŞ-ın Ədliyyə naziri Pam Bondi isə Maduroya qarşı "narkoterrorizm, kokain qaçaqmalçılığı və qanunsuz silah saxlama" maddələri ilə rəsmi ittiham irəli sürmüşdü. Hazırda keçid hökuməti bu gərginlikləri diplomatiya yolu ilə həll etməyə çalışır.