#ABŞ-ın Venesuelaya hücumu

ABŞ Prezidenti Donald Tramp Venesueladan aldıqları 50 milyon barel neftin Texas ştatının Hyuston şəhərinə doğru yola salındığını bildirib. Tramp Venesueladan alınan 50 milyon barel neftin artıq daşınmağa başladığını açıqlayıb. Corciya ştatında keçirilən tədbirdə çıxış edən Tramp iqtisadi gündəmlə bağlı fikirlərini bölüşüb.

Venesuelanın müvəqqəti dövlət başçısı Delsi Rodriqes ölkənin neft sənayesinə daha çox xarici investisiyanın cəlb edilməsini nəzərdə tutan islahatların qəbulu üçün parlamentə müraciət edib. ABŞ-ın Venesuelaya qarşı həyata keçirdiyi 3 yanvar hücumundan sonra ilk dəfə xalqa müraciət edən Rodriqes ölkənin neft ehtiyatları ilə bağlı yeni vizyonunu təqdim edib. O, xarici şirkətlərin ölkənin enerji resurslarına çıxışını təmin edəcək hüquqi islahatların vacibliyini vurğulayıb. Rodriqes bildirib ki, Venesuela enerji sektorundan əldə etdiyi məhsulları dünya bazarlarında sərbəst ticarət əlaqələri çərçivəsində sata bilər.

ABŞ-ın dövlət katibi Marko Rubio Venesuelaya qarşı müharibə aparmadıqlarını, narkotik kartellərinə qarşı mübarizə apardıqlarını iddia edərək, iqtisadi blokada vasitəsilə “bu ölkənin gələcək istiqamətinin ABŞ tərəfindən müəyyən ediləcəyini” bildirib. ABŞ-ın Venesuelaya hərbi müdaxiləsi nəticəsində Venesuela Prezidenti Nikolas Maduronun saxlanılması ilə bağlı Amerika mediasına müsahibələr verən Rubio hərbi əməliyyatı müdafiə edib.

ABŞ-ın nəqliyyat naziri Şon Daffi Venesuelaya hərbi müdaxilədən sonra Karib hövzəsində hava məkanına tətbiq olunan məhdudiyyətlərin aradan qaldırıldığını açıqlayıb. Nazir ABŞ mərkəzli X sosial media platformasında paylaşdığı açıqlamada, Karib hövzəsi ətrafındakı hava məkanında dünən tətbiq olunmağa başlayan məhdudiyyətlərin yerli vaxtla saat 00:00-da başa çatacağını və uçuşların bərpa ediləcəyini bildirib. Daffi hava yolu şirkətlərinin məlumatlandırıldığını, vəziyyətdən təsirlənən sərnişinlərin uçuşlarla bağlı aviaşirkətlərdən məlumat almalarının vacib olduğunu qeyd edib.