#Venesuela hökumətinin ABŞ-a reaksiyası

ABŞ Prezidenti Donald Tramp sosial media hesabında özünü Venesuelanın müvəqqəti prezidenti kimi təqdim edən bir paylaşım edib. Tramp özünə məxsus Truth Social platformasında Vikipedia məlumatlarına bənzədilmiş bir vizual paylaşıb. Həmin şəkildə Trampın fotosunun altında "Venesuelanın müvəqqəti prezidenti" ifadəsi yer alıb. ŞƏkildə həmçinin "2026-cı ilin yanvarından etibarən vəzifədədir" qeydi və vitse-prezident qismində Ceyms Devid Vensin adı qeyd olunub.

ABŞ-ın dövlət katibi Marko Rubio Venesuelaya qarşı müharibə aparmadıqlarını, narkotik kartellərinə qarşı mübarizə apardıqlarını iddia edərək, iqtisadi blokada vasitəsilə “bu ölkənin gələcək istiqamətinin ABŞ tərəfindən müəyyən ediləcəyini” bildirib. ABŞ-ın Venesuelaya hərbi müdaxiləsi nəticəsində Venesuela Prezidenti Nikolas Maduronun saxlanılması ilə bağlı Amerika mediasına müsahibələr verən Rubio hərbi əməliyyatı müdafiə edib.

ABŞ-ın nəqliyyat naziri Şon Daffi Venesuelaya hərbi müdaxilədən sonra Karib hövzəsində hava məkanına tətbiq olunan məhdudiyyətlərin aradan qaldırıldığını açıqlayıb. Nazir ABŞ mərkəzli X sosial media platformasında paylaşdığı açıqlamada, Karib hövzəsi ətrafındakı hava məkanında dünən tətbiq olunmağa başlayan məhdudiyyətlərin yerli vaxtla saat 00:00-da başa çatacağını və uçuşların bərpa ediləcəyini bildirib. Daffi hava yolu şirkətlərinin məlumatlandırıldığını, vəziyyətdən təsirlənən sərnişinlərin uçuşlarla bağlı aviaşirkətlərdən məlumat almalarının vacib olduğunu qeyd edib.

ABŞ Prezidenti Donald Trampın Venesuela Prezidenti Nicolas Maduro və onun həyat yoldaşı Cilia Floresnin ABŞ qüvvələri tərəfindən saxlanıldığını iddia etməsi beynəlxalq aləmdə ciddi suallar doğurub. Rəsmi Karakas bu məlumatı təsdiqləməyib və Vaşinqtondan sübut tələb edir. Venesuelanın vitse-prezidenti Delcy Rodriguez dövlət televiziyasında yayımlanan müraciətində hökumətin Maduro və Floresin harada olduğu barədə məlumatının olmadığını bildirib. Onun sözlərinə görə, ABŞ tərəfi onların sağ qalmasına dair rəsmi dəlillər təqdim etməlidir.