BAKI,VOA, Fərid Mikayılov
ABŞ Hərbi Hava Qüvvələrinin və Hərbi Dəniz Qüvvələrinin keçmiş döyüş pilotları Türkiyənin beşinci nəsil KAAN qırıcı təyyarəsinin P1 prototipinin yer sınaqlarını qiymətləndirib.
VOA xəbər verir ki, keçmiş F-16 və F/A-18 pilotları Çarlz Lemoine və Trevor Hartsock Türkiyə Aviasiya və Kosmik Sənaye Şirkəti tərəfindən yayımlanan KAAN P1-in yer sınaqlarına dair görüntüləri təhlil ediblər.
Keçmiş pilotların diqqət yetirdiyi əsas məsələlərdən biri təyyarənin xarici görünüşü və aerodinamik quruluşu olub. Trevor Hartsock KAAN-ın dizaynının ABŞ Hərbi Hava Qüvvələrinin F-22 “Raptor” qırıcısını xatırlatdığını bildirib.
Çarlz Lemoine də təyyarənin görünüşünü bəyəndiyini və KAAN-ın diqqətçəkən dizayna malik olduğunu qeyd edib.
Test avadanlıqları diqqət çəkib
Pilotlar KAAN P1-in yer sınaqları zamanı üzərində yerləşdirilən xüsusi test avadanlıqlarını da nəzərdən keçiriblər. Hartsock təyyarənin burun hissəsindəki sistemin infraqırmızı axtarış və izləmə sistemi olub-olmadığını müzakirə edib.
Lemoine isə prototipdə sınaq məqsədilə istifadə olunan pitot sisteminə diqqət çəkib. Bu avadanlıq uçuş sınaqları zamanı təyyarənin sürəti və digər uçuş göstəriciləri barədə məlumatların ölçülməsi üçün istifadə olunur.
Təyyarənin uçuş-enmə zolağındakı hərəkəti də keçmiş pilotların müzakirə etdiyi məsələlər sırasında olub. Onlar KAAN P1-in müxtəlif sürətlərdə taksi hərəkətini qiymətləndirərək, prototipin təxminən 20 düyün sürətə çatdığını bildiriblər.
Pilotlar görüntülərin yalnız yer sınaqlarını əhatə etdiyini və KAAN-ı havada görmək istədiklərini də vurğulayıblar.
Türkiyənin müdafiə sənayesinə diqqət
Proqramın sonunda Türkiyənin döyüş təyyarəsi və pilotsuz uçuş aparatı hazırlamaq istiqamətində apardığı işlər də müzakirə olunub.
Keçmiş pilotlar Türkiyənin yeni nəsil döyüş təyyarəsi və pilotsuz uçuş aparatı texnologiyaları üzərində işləməsini müsbət qiymətləndiriblər.
Türkiyə Aviasiya və Kosmik Sənaye Şirkəti iyulun 31-də KAAN P1 prototipinin yer sınaqlarından ilk görüntüləri yayıb. P1 prototipinin 2026-cı il ərzində ilk uçuşunu həyata keçirməsi və daha sonra geniş uçuş sınaqlarına cəlb olunması planlaşdırılır.
KAAN proqramı çərçivəsində P2 prototipinin istehsalı və inteqrasiyası da davam edir. P2-nin uçuş sınaqlarına qoşulması ilə müxtəlif sınaqların paralel aparılması və proqramın sürətləndirilməsi nəzərdə tutulur.
KAAN-ın ilk təhvil tarixi
Türkiyənin KAAN qırıcılarının ilk nümunələrini Hərbi Hava Qüvvələrinə 2028-ci ildə təhvil vermək planı qüvvədə qalır. İlkin istehsal təyyarələrinin ABŞ istehsalı F110-GE-129 turbofan mühərrikləri ilə uçması nəzərdə tutulur.
Proqramın sonrakı mərhələsində isə Türkiyədə hazırlanacaq milli turbofan mühərrikindən istifadə edilməsi planlaşdırılır.
KAAN ilk uçuşunu 21 fevral 2024-cü ildə həyata keçirib. İlk uçuş zamanı təyyarə 13 dəqiqə havada qalaraq 8 min fut hündürlüyə və 230 düyün sürətə çatıb. İkinci uçuş isə 6 may 2024-cü ildə keçirilib və 14 dəqiqə davam edib.
21 metr uzunluğa və 14 metr qanad açıqlığına malik KAAN aşağı radar görünürlüğü, daxili silah bölmələri və çoxməqsədli döyüş imkanları ilə Türkiyə Hərbi Hava Qüvvələrinin gələcək əsas döyüş təyyarəsi kimi hazırlanır.