BAKI,VOA, Fərid Mikayılov
ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff və Ağ Ev rəhbərinin kürəkəni Cared Kuşner avqustun 16-da Misirdə Fələstin HƏMAS hərəkatının lideri Xəlil əl-Hayya ilə danışıqlar aparıblar.
VOA xəbər verir ki, görüş Qəzza zolağında atəşkəsə dair dalana dirənmiş razılaşmaların irəlilədilməsi məqsədi daşıyıb.
Danışıqlarda Misir, Qətər və Türkiyənin vasitəçi nümayəndələri də iştirak ediblər. Görüşün iki saatdan çox davam etdiyi və əsas diqqətin Vaşinqtonun təklif etdiyi yol xəritəsinin HƏMAS tərəfindən qəbul edilməsinə hazırlığın qiymətləndirilməsinə yönəldiyi bildirilib.
Təklif edilən plan HƏMAS-ın və Qəzza zolağında fəaliyyət göstərən digər silahlı qrupların tərksilah edilməsini, bunun ardınca isə İsrail qüvvələrinin ərazidən çıxarılmasını nəzərdə tutur.
HƏMAS nümayəndəsi hərəkatın danışıqları davam etdirməyə hazır olduğunu bildirib. Onun sözlərinə görə, razılaşmaların icra qrafikinin razılaşdırılması üçün 14 günlük müddətin başlanması gözlənilir.
ABŞ Prezidenti Donald Tramp iyulun 31-də Sülh Şurasının HƏMAS və Qəzza zolağında fəaliyyət göstərən digər qrupların tam tərksilah edilməsi ilə bağlı razılığa gəldiyini açıqlamışdı. Tramp bildirmişdi ki, tərksilah prosesi başa çatdıqdan sonra İsrail qüvvələri ərazidən çıxarılacaq və təhlükəsizliyin təmin olunmasına beynəlxalq qüvvələr cəlb ediləcək.