BAKI,VOA,Yusif Şərifzadə
ABŞ Prezidenti Donald Tramp Vaşinqtondakı Linkoln Memorialının Əksolunma Hovuzu ilə bağlı Ədliyyə Nazirliyinin gəldiyi nəticəni qəbul etmədiyini bildirib.
VOA xəbər verir ki, Donald Tramp Truth Social platformasında paylaşdığı açıqlamada Kolumbiya Dairəsi üzrə ABŞ prokuroru Cenin Pirronun mövqeyi ilə "100 faiz razı olmadığını" yazıb.
Tramp hovuzun örtüyünün zədələnməsinin quraşdırma qüsurları ilə deyil, qəsdən törədilmiş vandalizm nəticəsində baş verdiyini iddia edib.
Bundan bir gün əvvəl ABŞ prokurorları Cenin Pirro və Maykl Spens məhkəməyə müraciət edərək hovuzu vandalizmdə ittiham olunan 67 yaşlı keçmiş olimpiyaçı Devid Hernə qarşı iddianın geri götürülməsini istəyiblər.
Məhkəməyə təqdim olunan sənədlərdə Daxili İşlər Nazirliyindən alınmış materiallara istinad edilərək bildirilib ki, hovuzun üzlüyünün zədələnməsi tələsik və qüsurlu quraşdırma prosesi ilə bağlı olub. Sənədlərdə quraşdırma zamanı örtüyün dəfələrlə sıradan çıxdığı və hovuzun müxtəlif hissələrində geniş soyulmaların müşahidə edildiyi qeyd olunub.
Linkoln Memorialındakı hovuzun yenidən qurulması üçün 14,7 milyon ABŞ dolları xərclənib. Layihədən sonra hovuzda yosunların əmələ gəlməsi və mavi örtüyün soyulması geniş müzakirələrə səbəb olmuşdu.