BAKI,VOA,Yusif Şərifzadə
İran Prezidenti Məsud Pezeşkian ölkə vətəndaşlarını "düşmənə qarşı mübarizə aparmağa və möhkəm dayanmağa" çağıraraq, İranın təzyiqlər qarşısında geri çəkilməyəcəyini bildirib. O, eyni zamanda dövlətin öz vətəndaşlarına qarşı ədalətsizlik etməməsinin vacibliyini vurğulayıb.
VOA xəbər verir ki, İranın rəsmi İRNA agentliyinin yaydığı məlumata əsasən, Məsud Pezeşkian çıxışında bildirib ki, iranlılar "düşmənə qarşı mübarizə aparmalı və möhkəm dayanmalıdırlar ki, haqsızlıq və zülm qarşısında təslim olmasınlar".
Prezident əlavə edib ki, xarici təhdidlərə qarşı müqavimət göstərmək qədər ölkə daxilində də vətəndaşlara qarşı ədalətsizliyə yol verilməməsi vacibdir. Onun sözlərinə görə, İran öz vətəndaşlarını sıxışdıra və ya onlara qarşı haqsız davranış sərgiləyə bilməz.
Pezeşkian həmçinin bildirib ki, İran indiyədək "özünəməxsus müqavimət modeli" formalaşdırdığını nümayiş etdirib və bu yanaşmanın ölkənin əsas xüsusiyyətlərindən biri olduğunu qeyd edib.
Prezident çıxışında "düşmən" ifadəsi işlədib, lakin konkret olaraq hansı ölkə və ya tərəfi nəzərdə tutduğunu açıqlamayıb.