BAKI,VOA, Fərid Mikayılov
ABŞ Prezidenti Avropadakı müttəfiqlərinə qarşı sərt bəyanatla çıxış edib.
VOA xəbər verir ki, Donald Tramp İspaniya və İtaliyadan ABŞ hərbi qüvvələrinin çıxarıla biləcəyini bildirib. O, bu açıqlamanı jurnalistlərlə görüşündə səsləndirib.
Məlumata görə, Tramp İspaniyanın Baş naziri Pedro Sançes və İtaliyanın Baş naziri Corciya Meloni barədə tənqidi fikirlər səsləndirərək bu ölkələrin ABŞ-la əməkdaşlıqda yetərli dəstək göstərmədiyini iddia edib.
Bildirilib ki, rəsmi Madrid və Roma İranla bağlı münaqişədə iştirak edən ABŞ hərbi təyyarələrinin bazalardan istifadəsinə icazə verməyib. Bu isə Vaşinqtonun narazılığına səbəb olub.
Qeyd olunub ki, Tramp daha əvvəl Almaniyanın kansleri Fridrix Merts ilə bağlı da oxşar açıqlamalar verib.
Ekspertlər hesab edir ki, ABŞ qoşunlarının Avropadan mümkün çıxarılması NATO daxilində balansı dəyişə və regionda təhlükəsizlik arxitekturasına təsir göstərə bilər.