BAKI,VOA,Yusif Şərifzadə
Yəmənin husi hərəkatının siyasi bürosunun sözçüsü Məhəmməd Əbdüssalam Omanda Səudiyyə Ərəbistanı nümayəndə heyəti ilə görüş keçirib. Bildirilir ki, görüşdə əsas müzakirə mövzusu regional gərginliyin azaldılması və təhlükəsizliyin gücləndirilməsi olub.
VOA xəbər verir ki, husilərin (Ənsarullah hərəkatı) nümayəndəsinin sözlərinə görə, görüş "regional təhlükəsizliyin və sabitliyin möhkəmləndirilməsi istiqamətində irəliləyişə nail olmaq" məqsədi daşıyıb.
Görüş Yəməndə hərbi gərginliyin yenidən artdığı bir vaxta təsadüf edib. Məlumata görə, İranın dəstəklədiyi husilər şənbə günü Səudiyyə Ərəbistanının Qırmızı dəniz sahilində yerləşən iki limandakı neft obyektlərinə hücum ediblər.
Bu hücumlar Ər-Riyadın Yəmənin Hudeydə vilayətinə hava zərbələri endirməsindən sonra həyata keçirilib.
Eyni zamanda, məlumatda bildirilir ki, ABŞ son iki həftədə ilk dəfə olaraq İran ərazisinə hava zərbələri endirməkdən çəkinib. Bunun regional gərginliyin idarə olunmasına yönəlmiş diplomatik səylərlə əlaqəli olub-olmadığı barədə isə rəsmi açıqlama verilməyib.
Tərəflər görüşün nəticələri və mümkün razılaşmalar barədə hələlik əlavə məlumat açıqlamayıblar.