BAKI,VOA,Yusif Şərifzadə
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bildirib ki, Ukraynada sülhə nail olmaq üçün münaqişənin dondurulması və tərəflər arasında danışıqların yenidən başlanması mümkün çıxış yolu ola bilər. O, bu fikirləri Rusiya Prezidenti Vladimir Putinlə birlikdə iştirak etdiyi tədbirdə səsləndirib.
VOA xəbər verir ki, Tokayev Sibirin Omsk şəhərində keçirilən Rusiya–Qazaxıstan forumunda çıxışı zamanı Rusiya Prezidenti Vladimir Putinin "ən yüksək diplomatik çeviklik" nümayiş etdirdiyini bildirib.
Qazaxıstan Prezidenti qeyd edib ki, Ukrayna ilə Rusiya arasında təhlükəsizlik zəmanətləri əsasında razılaşma əldə olunacağı təqdirdə sülh prosesində irəliləyiş mümkün ola bilər. Onun sözlərinə görə, bu zəmanətlərə Rusiya da daxil olmaqla böyük dövlətlər cəlb edilməlidir.
Tokayev vurğulayıb ki, münaqişənin dondurulması və danışıqların bərpası uzun müddətdir gözlənilən sülhə doğru mühüm addım ola bilər. O, "Bu münaqişəyə son qoyulmalıdır" ifadəsini işlədib.
Xatırladaq ki, Rusiya və Ukrayna nümayəndə heyətləri Rusiyanın 2022-ci ildə genişmiqyaslı hərbi əməliyyatlara başlamasından qısa müddət sonra İstanbulda danışıqlar aparmışdılar. Tərəflər 2025-ci ildə də yenidən görüşsələr də, həmin danışıqlar əhəmiyyətli nəticə verməyib.
Ukrayna tərəfi Tokayevin bu açıqlamalarına hələlik rəsmi münasibət bildirməyib.