Təqaüdçü general Xəlifə Həftarın Nigerin qərbində İŞİD-ə bağlı qrup tərəfindən girov saxlanılan amerikalı pilot Kevin Raydoutun azad edilməsinə kömək etdiyi bildirilir.
“Reuters”in dörd mənbəyə istinadən yaydığı məlumata görə, Raydout ötən cümə axşamı gec saatlarda Liviyanın şərqindəki hakimiyyət orqanlarına təhvil verilib. Bununla belə, girovun azad edilməsi müqabilində nə verildiyi barədə rəsmi məlumat açıqlanmayıb. Mənbələrdən biri Liviyanın fidyə ödədiyini bildirib.
Xristian missioner təşkilatında çalışan Raydout ötən ilin oktyabrında Nigerin paytaxtı Niameydə qaçırılıb. O, hava limanına gedərkən üç naməlum şəxs tərəfindən oğurlanıb və daha sonra silahlı qrupların fəaliyyət göstərdiyi Tillaberi bölgəsinə aparılıb.
ABŞ Raydoutun azad edilməsini Sahel bölgəsində əsas prioritetlərdən biri kimi qiymətləndirib. Onun uzun müddət Malidə saxlanıldığı ehtimal edilib və Vaşinqton axtarış əməliyyatlarını asanlaşdırmaq üçün ilin əvvəlində Malinin bəzi yüksək vəzifəli şəxslərinə qarşı sanksiyaları aradan qaldırıb.
Məlumata görə, Raydoutun azad edilməsi üzrə son danışıqlarda maliyalı ərəb iş adamı Şərif Vələd Tahir də iştirak edib. ABŞ rəsmiləri və Ağ Ev hadisə ilə bağlı açıqlama verməyib.
ABŞ Prezidenti Donald Tramp isə sosial media paylaşımında Raydoutu ölkəyə qaytarmağı səbirsizliklə gözlədiklərini bildirib.