BAKI,VOA, Fərid Mikayılov
Küveyt Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında imzalanmış Məkkə Birgə Müdafiə Sazişi münasibətilə Pakistanı təbrik edib.
VOA xəbər verir ki, Küveytin xarici işlər naziri Cərrah Cabir əl-Əhməd əs-Sabah pakistanlı həmkarı İshaq Darla telefon danışığı aparıb.
Telefon danışığı zamanı Küveytin xarici siyasət idarəsinin rəhbəri Məkkə Birgə Müdafiə Sazişinin imzalanması münasibətilə pakistanlı həmkarını təbrik edib.
Nazirlər regiondakı mövcud vəziyyət, o cümlədən işğal altında olan Şərqi Qüdsdə baş verən proseslər ətrafında fikir mübadiləsi aparıblar.
Tərəflər Küveyt–Pakistan münasibətlərinin hazırkı vəziyyətini və qarşılıqlı maraq doğuran digər məsələləri də müzakirə ediblər. Cərrah Cabir əl-Əhməd əs-Sabahın Pakistana son səfərinin nəticələri, həmçinin əsas iqtisadi sahələrdə əməkdaşlığın və investisiyaların genişləndirilməsi imkanları nəzərdən keçirilib.
Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman və Pakistanın Baş naziri Şahbaz Şərif avqustun 7-də Səudiyyə Ərəbistanının Məkkə şəhərində Birgə Müdafiə Sazişini imzalayıblar.
Sazişə əsasən, üç ölkədən hər hansı birinə qarşı silahlı hücum bütün tərəflərə qarşı hücum kimi qiymətləndiriləcək. Razılaşmanın əsas məqsədi kollektiv çəkindirmə imkanlarının gücləndirilməsi və Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsidir.