İran tərəfi BƏƏ-nin Fuceyra limanında baş verən yanğının ölkə tərəfindən planlaşdırılmış hücum olmadığını bəyan edib və məsuliyyəti ABŞ-ın üzərinə qoyub. Açıqlamada bildirilib ki, ABŞ-ın bölgədə hərbi aktivliyi gəmiçiliyin qeyri-qanuni şəkildə təmin olunmasına yönəlib və bu addımlar enerji obyektləri üçün risk yaradır.
İran
Cənubi Koreya Hörmüz boğazında ABŞ-nin keçirdiyi dəniz əməliyyatlarına qoşulma məsələsini yenidən nəzərdən keçirəcəyini açıqlayıb. Bu addım regionda artan təhlükəsizlik riskləri fonunda gündəmə gəlib.
Səudiyyə Ərəbistanı bölgədə hərbi gərginliyin artması ilə bağlı xəbərdarlıq edib və diplomatik səylərin, xüsusilə Pakistanın vasitəçilik təşəbbüslərinin dəstəklənməsinə çağırış edib. Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyi yaydığı bəyanatda bölgədə mövcud hərbi eskalasiyadan narahatlıq ifadə edərək, gərginliyin azaldılmasının və təmkinli davranışın vacibliyini vurğulayıb. Rəsmi Ər-Riyad mövcud vəziyyətin daha geniş regional sabitliyi təhlükə altına saldığını bildirib.
İran parlamentinin sədri Məhəmmədbaqir Qalibaf Hörmüz boğazı ətrafında yaranmış vəziyyətlə bağlı açıqlama verib. O bildirib ki, boğazda yaranan yeni vəziyyət artıq formalaşma mərhələsindədir və ABŞ ilə müttəfiqlərinin atəşkəsi pozaraq blokada tətbiq etməsi dəniz daşımalarının və enerji tranzitinin təhlükəsizliyini risk altına salıb.
İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ-ın həyata keçirdiyi “Azadlıq layihəsi” ilə bağlı sərt açıqlama verib. Qeyd edək ki, İran Silahlı Qüvvələri daha əvvəl ABŞ donanmasını Hörmüz boğazı ərazisinə daxil olmamaqla bağlı xəbərdar etmişdi. ABŞ isə Prezident Donald Trampın göstərişi ilə ticarət gəmilərinin təhlükəsiz hərəkətini təmin etmək məqsədilə “Azadlıq əməliyyatı”na start verib.
ABŞ ordusuna İranın İslam İnqilabi Keşikçiləri Korpusuna (SEPAH) aid katerləri və raket mövqelərinə zərbələr barədə yeni əmr verilib.
Birləşmiş Ərəb Əmirlikləri İranın Abu-Dabi Milli Neft Şirkətinə məxsus tankerə qarşı pilotsuz uçuş aparatları ilə hücum etdiyini açıqlayıb. BƏƏ Xarici İşlər Nazirliyi bildirib ki, hadisə nəticəsində xəsarət alan olmayıb. Qurum İranın bu addımını kommersiya gəmiçiliyinə qarşı yönəlmiş hücum və iqtisadi təzyiq vasitəsi kimi qiymətləndirib.
CENTCOM İran qüvvələrinin ABŞ hərbi gəmisinə hücum etməsi ilə bağlı iddiaları təkzib edib. Məlumata görə, İran dövlət mediası İslam İnqilabı Keşikçiləri Korpusunun ABŞ gəmisini iki raketlə vurduğunu iddia etmişdi. Lakin CENTCOM bu məlumatların həqiqəti əks etdirmədiyini vurğulayıb.
İran mediası ABŞ-a məxsus hərbi gəminin Cask adası yaxınlığında vurulduğunu iddia edib. Məlumata görə, gəmi edilən xəbərdarlıqlara məhəl qoymadığı üçün iki raketlə hədəfə alınıb. Buna baxmayaraq, ABŞ tərəfi bu məlumatları təkzib edib. ABŞ rəsmisi Axios nəşrinə açıqlamasında hərbi gəminin vurulmadığını bildirib.
ABŞ tərəfindən Oman körfəzində ələ keçirilən İrana məxsus "Touska" yük gəmisinin 22 heyət üzvü Pakistana təxliyə edilib. Məlumata görə, aprelin 19-da Hörmüz boğazından keçərkən Vaşinqtonun xəbərdarlıqlarına tabe olmadığı iddiası ilə ABŞ hərbçiləri tərəfindən saxlanılan gəmi hazırda dəniz blokadası şəraitində saxlanılır. T.Əndrabi bildirib ki, heyət üzvləri ötən gecə hava yolu ilə Pakistana gətirilib. Eyni zamanda, "Touska" gəmisinin də zəruri təmir işlərindən sonra Pakistana məxsus ərazi sularına gətirilərək İrana qaytarılması planlaşdırılır.
ABŞ mediası İranın hücumlarının Yaxın Şərqdə yerləşən Amerika hərbi infrastrukturu üçün ciddi nəticələr doğurduğunu bildirir. Məlumata görə, bəzi obyektlər ciddi əməliyyat zərbəsinə məruz qalıb, bir sıra hərbi infrastrukturlar isə tam yararsız vəziyyətə düşüb. Hücumların əsasən region üzrə yerləşdirilmiş müasir radar sistemlərinə, rabitə şəbəkələrinə, raketdən müdafiə vasitələrinə və hərbi aviasiyaya yönəldiyi bildirilir.
"Axios" xəbər saytının ABŞ rəsmilərinə istinadən verdiyi məlumata görə, ABŞ Hərbi Dəniz Qüvvələrinin (HDQ) gəmiləri Hörmüz boğazı və onun ətrafındakı strateji sularda mövqelərini gücləndirir. Bu addım, İran ordusunun və İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) boğazdan keçən kommersiya gəmilərinə və neft tankerlərinə qarşı mümkün hücum cəhdlərinin qarşısını almaq məqsədi daşıyır.