BAKI,VOA Orxan Qədirzadə
ABŞ tərəfindən Oman körfəzində ələ keçirilən İrana məxsus "Touska" yük gəmisinin 22 heyət üzvü Pakistana təxliyə edilib.
VOA xəbər verir ki, Pakistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Tahir Əndrabi bu addımın Vaşinqton tərəfindən "etimad quruculuğu tədbiri" çərçivəsində atıldığını və dənizçilərin bu gün İran rəsmilərinə təhvil veriləcəyini bəyan edib.
Məlumata görə, aprelin 19-da Hörmüz boğazından keçərkən Vaşinqtonun xəbərdarlıqlarına tabe olmadığı iddiası ilə ABŞ hərbçiləri tərəfindən saxlanılan gəmi hazırda dəniz blokadası şəraitində saxlanılır. T.Əndrabi bildirib ki, heyət üzvləri ötən gecə hava yolu ilə Pakistana gətirilib. Eyni zamanda, "Touska" gəmisinin də zəruri təmir işlərindən sonra Pakistana məxsus ərazi sularına gətirilərək İrana qaytarılması planlaşdırılır.
Xəbər verilir ki, bu proses ABŞ və İran tərəflərinin birbaşa dəstəyi ilə əlaqəli şəkildə həyata keçirilir. Pakistan tərəfi regional sülh və təhlükəsizlik naminə vasitəçilik səylərini davam etdirəcəyini vurğulayıb. Qeyd edək ki, fevral ayından etibarən ABŞ və İsrail qüvvələrinin İrana qarşı başladığı əməliyyatlardan sonra bölgədə gərginlik yüksək həddə çatıb.
Xatırladaq ki, Pakistan fevral ayından bəri ABŞ və İran arasında əsas vasitəçi qismində çıxış edir. Ötən ayın sonlarında İslamabadda keçirilən müzakirələrdən sonra ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazında gəmilərin müşayiət edilməsi məqsədilə "Azadlıq layihəsi" (Project Freedom) adlı yeni humanitar əməliyyatın başladığını elan edib.