BAKI,VOA Orxan Qədirzadə
Cənubi Koreya Hörmüz boğazında ABŞ-nin keçirdiyi dəniz əməliyyatlarına qoşulma məsələsini yenidən nəzərdən keçirəcəyini açıqlayıb. Bu addım regionda artan təhlükəsizlik riskləri fonunda gündəmə gəlib.
VOA xəbər verir ki, Cənubi Koreya Müdafiə Nazirliyi bildirib ki, ölkə “mövqeyini diqqətlə nəzərdən keçirəcək”, lakin hələlik konkret qərar qəbul edilməyib. Qərarın beynəlxalq hüquq, dəniz yollarının təhlükəsizliyi və ABŞ ilə müttəfiqlik münasibətləri nəzərə alınaraq veriləcəyi vurğulanıb.
Məsələ ABŞ Prezidenti Donald Trampın Cənubi Koreyaya çağırışından sonra aktuallaşıb. Tramp bildirib ki, Hörmüz boğazında baş verən son insidentlərdən sonra Seul ABŞ-nin gəmi müşayiət əməliyyatlarına qoşulmalıdır.
Hadisə Hörmüz boğazında baş verən gərginliyin fonunda qeydə alınıb. Bölgə artıq uzun müddətdir ABŞ və İran arasında artan qarşıdurmanın mərkəz nöqtələrindən biri hesab olunur.
Məlumata görə, Cənubi Koreyaya məxsus yük gəmisi yanğın və partlayışla üzləşib. Hadisə nəticəsində 24 nəfərlik ekipajın hamısı xilas edilib və xəsarət alan olmayıb. Gəmidəki yanğın tam söndürülüb.
Seul rəsmiləri qeyd edib ki, ölkə artıq Hörmüz boğazında təhlükəsiz keçidin təmin olunması ilə bağlı beynəlxalq müzakirələrdə iştirak edir. Lakin əməliyyatlara birbaşa hərbi qoşulma məsələsi hələ açıq qalır.
Dəniz nəqliyyatı təhlükələri qlobal enerji və ticarət marşrutlarına ciddi risklər yaradır.