BAKI,VOA,Yusif Şərifzadə
İran parlamentinin sədri Məhəmməd Bağır Qalibaf ABŞ-nin İrana qarşı dəniz mühasirəsini hərbi addım kimi qiymətləndirib. O, Vaşinqtonun mühasirəni daha da gücləndirəcəyi təqdirdə Tehranın buna hərbi yolla cavab verəcəyini bildirib.
VOA xəbər verir ki, Məhəmməd Bağır Qalibaf görüntülü müraciətində ABŞ-nin İrana qarşı tətbiq etdiyi dəniz mühasirəsinin mahiyyət etibarilə hərbi əməl olduğunu deyib. Onun sözlərinə görə, mühasirənin genişləndirilməsi İran tərəfindən hərbi cavabla qarşılanacaq.
Qalibaf bildirib ki, əgər ABŞ-nin məqsədi İranın Fars körfəzi vasitəsilə neft ixracının qarşısını almaqdırsa, Tehran digər ölkələrin də bölgədən neft ixrac edə bilməyəcəyi vəziyyətin yaranmasına imkan verə bilər.
İran parlamentinin sədri bununla Fars körfəzindən həyata keçirilən neft daşımalarının təhlükə ilə üzləşə biləcəyi barədə xəbərdarlıq edib.
Qalibafın açıqlaması ABŞ ilə İran arasında dəniz yolları və enerji ixracı ətrafında gərginliyin artdığı bir vaxtda səsləndirilib.