BAKI,VOA,Yusif Şərifzadə
Suriyanın xarici işlər naziri Əsəd əş-Şeybani İsrailin davam edən hücumlarına baxmayaraq, Dəməşqin ABŞ-nin vasitəçiliyi ilə diplomatik həllə nail olmaq istiqamətində fəaliyyətini davam etdirdiyini bildirib. Onun sözlərinə görə, Suriya mövcud gərginliyin danışıqlar yolu ilə aradan qaldırılmasına üstünlük verir.
VOA xəbər verir ki, İsrail qüvvələri son dövrdə Suriya ərazilərinin daxilinə doğru dəfələrlə irəliləyib. İsrail, həmçinin Suriyanın cənubunda yaradıldığını bildirdiyi “təhlükəsizlik bölgəsi”ndə hərbi qüvvələrini saxlamaqda və daha geniş ərazinin silahsızlaşdırılmasını tələb etməkdə davam edir.
Əsəd əş-Şeybani mətbuat konfransında bildirib ki, İsrailin hücumları hələ də davam edir. Onun sözlərinə görə, təkcə iyul ayında Suriya ərazisinə 65 müdaxilə qeydə alınıb, avqustun ilk 18 günü ərzində isə belə halların sayı 52 olub.
Suriya xarici işlər naziri Qüneytrə vilayətində və Dəməşq ətrafındakı yaşayış məntəqələrində evlərə basqınların həyata keçirildiyini bildirib. Əş-Şeybani bu əməliyyatları sərt şəkildə tənqid edib.
Nazirin sözlərinə görə, cari ilin əvvəlindən indiyədək İsrail hərbçiləri tərəfindən suriyalıların aparılması ilə bağlı 147 hal qeydə alınıb. Onlardan 49 nəfərin hələ də saxlanıldığı bildirilir.
Əş-Şeybani bütün bu hadisələrə baxmayaraq, Suriyanın diplomatik həll yoluna sadiq qaldığını vurğulayıb. O bildirib ki, Dəməşq bu məqsədə çatmaq üçün ciddi şəkildə çalışır.
Suriya xarici işlər naziri İsraillə danışıqların ABŞ-nin vasitəçiliyi ilə aparıldığını da təsdiqləyib. Dəməşq mövcud qarşıdurmanın diplomatik vasitələrlə həll edilməsinə nail olmağa çalışdığını bildirir.