BAKI,VOA,Yusif Şərifzadə
HƏMAS İsrailin bu gün Qəzza zolağına endirdiyi və azı beş nəfərin ölümünə, çox sayda insanın yaralanmasına səbəb olduğu bildirilən hücumları pisləyib. Təşkilat baş verənləri İsrail hökumətinin “sistemli və faşist gərginləşdirmə siyasəti” kimi qiymətləndirərək Baş nazir Benyamin Netanyahunu ittiham edib.
VOA xəbər verir ki, HƏMAS yaydığı bəyanatda hücumların fələstinlilərə qarşı “soyqırımı müharibəsinin” davam etdiyini göstərdiyini iddia edib. Təşkilat, həmçinin İsraili atəşkəs razılaşması çərçivəsində üzərinə götürdüyü öhdəliklərdən imtina etməkdə günahlandırıb.
Bəyanatda qeyd olunub ki, Qəzzada baş verənlər artıq ayrı-ayrı pozuntular və ya təcrid olunmuş hadisələr kimi qiymətləndirilə bilməz. HƏMAS bunun müxtəlif formalarda davam edən sistemli hücum siyasətinə çevrildiyini bildirib.
Təşkilat atəşkəs razılaşmasının vasitəçilərini və təminatçılarını baş verənlərlə bağlı məsuliyyətlərini yerinə yetirməyə çağırıb. HƏMAS onlardan İsrail hökumətinə təzyiq göstərilməsini və hücumların dayandırılması üçün dərhal addımlar atılmasını istəyib.
Bəyanatda İsrailin beynəlxalq vasitəçiliklə imzalanmış atəşkəs razılaşmasının şərtlərinə əməl etməsinin təmin olunmasına çağırış edilib.
HƏMAS Qəzzada hər gün baş verdiyini bildirdiyi hücumlarla əlaqədar beynəlxalq səviyyədə tədbirlər görülməsini tələb edib. Təşkilat Birləşmiş Millətlər Təşkilatı səviyyəsində də addımlar atılmasına və İsrailin məsuliyyətə cəlb olunmasına çağırıb.