BAKI,VOA,Yusif Şərifzadə
İran parlamentinin sədri Məhəmməd Bağır Qalibaf ABŞ-ni gəmilərə Hörmüz boğazından keçidin təhlükəsizliyi ilə bağlı “yalan təminatlar” verməkdə ittiham edib. O bildirib ki, İran qüvvələri ABŞ-nin gəmilərin boğazdan keçməsini təmin etmək cəhdlərinə qarşı çıxır.
VOA xəbər verir ki, İran xəbər agentliklərinin yaydığı görüntülü müraciətdə Qalibaf bəzi gəmilərin Hörmüz boğazından keçə bildiyini etiraf edib. Bununla belə, o, İran qüvvələrinin boğaza tam nəzarət etdiyini və onun açılmasına imkan verməyəcəyini iddia edib.
Qalibafın sözlərinə görə, ABŞ gəmilərə Hörmüz boğazının cənub istiqamətindən keçə biləcəklərinə dair “yalan təminatlar” verir. İran parlamentinin sədri həmin istiqamətdən keçməyə çalışan gəmilərin hədəfə alındığını bildirib.
O, ABŞ-nin Hörmüz boğazının cənub istiqamətindən istifadə etməyə çalışdığını və bunun mövcud anlaşma sənədinə zidd olduğunu iddia edib.
Qalibaf İranın buna imkan verməyəcəyini vurğulayaraq, ölkə qüvvələrinin Hörmüz boğazındakı mövqelərini qoruyacağını bildirib.