BAKI,VOA,Yusif Şərifzadə
Avropa İttifaqı Livan Silahlı Qüvvələrinə məsləhət vermək və hərbçilərin hazırlığını həyata keçirmək məqsədilə yeni missiya yaratmağı planlaşdırır. Avropa İttifaqının xarici siyasət üzrə ali nümayəndəsi Kaya Kallas missiyanın Livanın öz təhlükəsizliyini təmin etmək imkanlarının gücləndirilməsinə yönələcəyini bildirib.
VOA xəbər verir ki, Kaya Kallas Avropa İttifaqının Birləşmiş Millətlər Təşkilatının Livandakı Müvəqqəti Qüvvələrini əvəz etmək niyyətində olmadığını vurğulayıb. Onun sözlərinə görə, əsas məqsəd Livanın təhlükəsizliyini öz imkanları hesabına təmin etmək qabiliyyətinin artırılmasıdır.
Kallas bildirib ki, hazırlıq proqramları sərhədlərin və dəniz məkanının təhlükəsizliyini də əhatə edəcək. Avropa İttifaqı bununla Livan Silahlı Qüvvələrinin imkanlarını genişləndirməyi və dövlətin bütün ölkə ərazisində təhlükəsizliyi təmin etmək qabiliyyətini gücləndirməyi hədəfləyir.
BMT-nin Livandakı Müvəqqəti Qüvvələri 1978-ci ildə İsrailin Livanın cənubuna daxil olmasından bir neçə gün sonra yaradılıb. Missiyanın səlahiyyət müddətinin dekabrın 31-də başa çatması nəzərdə tutulur. Bununla da BMT qüvvələrinin Livandakı 48 illik fəaliyyəti yekunlaşa bilər.
Kallasın sözlərinə görə, yeni missiyanın yaradılması istiqamətində hazırlıq işləri uğurla davam edir. Avropa İttifaqı missiyanın başlanması ilə bağlı qərarın oktyabr ayında Avropa İttifaqı Şurası tərəfindən qəbul edilməsini hədəfləyir.
Avropa Xarici Fəaliyyət Xidməti son aylarda üçillik hərbi və mülki missiyanın yaradılmasını nəzərdə tutan təklif hazırlayıb. Təklif Livan Silahlı Qüvvələri ilə yanaşı, ölkənin polis vəzifələrini həyata keçirən Daxili Təhlükəsizlik Qüvvələrinə də məsləhət və hazırlıq dəstəyinin göstərilməsini nəzərdə tutur.