BAKI,VOA,Yusif Şərifzadə
İran İraqın muxtar Kürdüstan bölgəsində yerləşən Komala Partiyasının qərargahına raket zərbəsi endirib.
VOA xəbər verir ki, Komala Partiyasının məlumatına görə, İran raketi Ərbilin şimal-şərqində yerləşən Duli Alan bölgəsindəki partiya qərargahını hədəfə alıb.
Partiyanın sözçüsü Əmcəd Pənahi sosial şəbəkədə etdiyi paylaşımda raketin çərşənbə axşamı günorta saatlarında düşdüyünü bildirib.
Pənahi qeyd edib ki, əvvəlcədən görülmüş hazırlıq və təhlükəsizlik tədbirləri sayəsində partiya üzvləri zərbədən qoruna biliblər.
Komala və ya Kürd Zəhmətkeşlər Partiyası İranda yaşayan kürdlərin hüquqlarını müdafiə edən kürd siyasi müxalifət qruplarından biri hesab olunur.
Partiya daha əvvəl də İranın zərbələrinin hədəfi olub.
Pənahinin sözlərinə görə, ABŞ-İsrail müharibəsinin başlamasından sonra İran qüvvələri Komalanın qərargah və düşərgələrinə qarşı 102-dən çox raket və pilotsuz uçuş aparatı ilə hücum həyata keçirib.
Son hücum bundan təxminən iki həftə əvvəl Komalanın Alana vadisindəki bazasına edilən raket zərbəsindən sonra baş verib. Həmin hücum nəticəsində partiyanın altı üzvünün yaralandığı bildirilib.