BAKI,VOA
1856-cı il avqustun 23-də amerikalı alim Eunice Foote-nin atmosferdə karbon qazının Yer kürəsinin temperaturuna təsiri ilə bağlı araşdırması Nyu-Yorkun Albani şəhərində Amerika Elmin İnkişafı Assosiasiyasının (AAAS) toplantısında təqdim edilib.
Foote 1856-cı ildə hazırladığı elmi məqaləsində karbon qazı və su buxarının Günəşdən gələn istiliyi digər qazlarla müqayisədə daha çox udaraq saxladığını irəli sürüb. O, müxtəlif qazların Günəş altında və kölgədə temperatur dəyişikliklərini ölçmək üçün hava nasosu və silindrik qablar vasitəsilə təcrübələr aparıb.
Foote qadın olduğu və peşəkar elmi dairələrə daxil olmayan həvəskar alim kimi fəaliyyət göstərdiyi üçün araşdırmasını toplantıda özü təqdim etməyib. Onun məqaləsini alim və ixtiraçı dostu Cozef Henri təqdim edib. Həmin dövrdə araşdırmanın əhəmiyyəti geniş şəkildə dərk edilməyib.
Karbon qazının istiliyi udmaq qabiliyyətinin kəşfi uzun müddət irlandiyalı fizik Con Tindalla aid edilib. Tindall bu mövzuda ilk məqaləsini Foote-nin tədqiqatından üç il sonra, 1859-cu ildə yayımlayıb. Onun təcrübələri daha mürəkkəb və dəqiq olub, həm Yer səthindən yayılan infraqırmızı şüalanmanı, həm də Günəş radiasiyasını nəzərə alıb.
Foote-nin elmi töhfəsi uzun müddət unudulsa da, onun araşdırmaları 2011-ci ildə yenidən alimlərin diqqətini çəkib. Həm Foote, həm də Tindall atmosferdə karbon qazının artmasının Yer kürəsinin temperaturunun yüksəlməsinə səbəb ola biləcəyi qənaətinə gəliblər.