BAKI,VOA Orxan Qədirzadə
ABŞ Müdafiə Nazirliyi (Pentaqon) İranla müharibə zamanı amerikalı hərbçilərin ölümü və yaralanması ilə bağlı statistikanın hesablanması qaydasını dəyişib. ABŞ mediasının yazdığına görə, yeni sistem itkilərin ümumi sayının ictimaiyyətə daha aşağı göstərilməsinə səbəb ola bilər.
“İntercept” nəşrinin ABŞ hökumətindəki mənbəyə istinadən yaydığı məlumata görə, Pentaqon itkilərin hesablanması üçün əvvəl istifadə olunan Müdafiə Zərərlərinin Təhlili Sistemi (DCAS) mexanizmindən fərqli yeni yanaşmaya keçib.
Mənbə iddia edib ki, bu dəyişiklik “itkilərin həqiqi sayını gizlətmək məqsədi daşıyır”.
Yeni sistemdə itkilər ayrıca göstərilir
Məlumata görə, iyulun 7-dən sonra baş verən hərbi itkilər artıq ABŞ-ın İran əməliyyatı üzrə ümumi statistikasına daxil edilmir.
Bu itkilər Pentaqonun saytında ümumi adı olan “Xarici əməliyyatlar” bölməsində ayrıca göstərilir.
“İntercept”in hesablamasına əsasən, iyulun 7-dən sonra həmin bölmədə 273 amerikalı hərbçinin öldüyü və ya yaralandığı qeyd olunub.
Qəzet bildirib ki, bu rəqəm İran müharibəsi üzrə əvvəlki statistikaya əlavə edildikdə ABŞ hərbçiləri arasında ümumi itkilərin sayı 704 nəfərə yüksəlir.
Bu isə aprelin 8-də ABŞ və İran arasında ilk atəşkəs razılaşmasının əldə olunduğu vaxtla müqayisədə itkilərin 83 faiz artması deməkdir.
Pentaqon dəyişiklikləri necə izah edir?
Pentaqon statistik metodun dəyişdirilməsini “Epik Qəzəb” adlı hərbi əməliyyatın başa çatması ilə izah edib.
Nazirliyin açıqlamasına görə, bundan sonra yeni itkilər ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) məsuliyyət zonasındakı xarici əməliyyatlar çərçivəsində təsnif ediləcək.
CENTCOM ABŞ ordusunun Yaxın Şərqdəki hərbi fəaliyyətlərinə nəzarət edir.
Lakin ABŞ hökumətindəki bəzi mənbələr bu izahı tənqid edib.
Onlardan biri “İntercept”ə bildirib ki, yeni metod “yaralı hərbçilərin sayını gizlətmək üçün hazırlanıb”.
İran hücumları itkilərin artmasına səbəb olub
Nəşrin məlumatına görə, ABŞ rəsmiləri itkilərin artmasını iyul ayından etibarən İranın Yaxın Şərqdə yerləşən ABŞ hərbi bazalarına həyata keçirdiyi hücumlarla əlaqələndirirlər.
Mənbələr bildiriblər ki, İran qüvvələri regionda ən azı 9 ABŞ hərbi obyektini hədəfə alıb.
ABŞ rəsmilərindən biri qeyd edib ki, İran ordusu pilotsuz uçuş aparatları və ballistik raketlərdən istifadə etməklə ABŞ-ın hava hücumundan müdafiə sistemlərini keçə bilib.
Bu açıqlamalar ABŞ prezidenti Donald Tramp və müdafiə naziri Pit Heqsethin İran ordusunun “tamamilə məhv edildiyi” barədə əvvəlki bəyanatları ilə ziddiyyət təşkil edir.
İtkilər mübahisə mövzusuna çevrilib
ABŞ ordusunun Yaxın Şərqin müxtəlif ölkələrində yerləşən bazaları İranla artan qarşıdurma fonunda hücum riskləri ilə üzləşir.
İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) da daha əvvəl Vaşinqtonu müharibə zamanı real itkiləri gizlətməkdə ittiham edib.
Bundan əvvəl “Washington Post” qəzeti Pentaqonun elektron məlumat bazasından son dövrdə ölən 4 hərbçinin məlumatını sildiyini yazıb.
Nəşrin məlumatına görə, İranla müharibənin 28 fevralda başlamasından sonra ABŞ ordusunda ən azı 18 hərbçi həyatını itirib.
ABŞ Müdafiə Nazirliyi isə itkilərin hesablanmasındakı dəyişikliklərin məlumatların təsnifatlandırılması ilə bağlı texniki prosedur olduğunu bildirir və rəqəmlərin gizlədilməsi iddialarını qəbul etmir.