#İran hücumları

Küveyt, İordaniya, Qətər, Misir və Birləşmiş Ərəb Əmirlikləri İranın son hərbi əməliyyatlarını kəskin şəkildə pisləyərək onları regional sabitliyə ciddi təhdid adlandırıblar. Küveyt Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda bildirilib ki, İranın hərbi əməliyyatları bölgədə gərginliyin azaldılmasına yönəlmiş regional və beynəlxalq səylərə zərbə vurur. Rəsmi Küveyt ölkənin təhlükəsizliyi, suverenliyi, vətəndaşlarının və sakinlərinin təhlükəsizliyinin "qırmızı xətt" olduğunu vurğulayıb.

Küveyt İranın ölkəyə qarşı həyata keçirdiyi hücumu qətiyyətlə pisləyib. Bəyanatda vurğulanıb ki, bu addım vətəndaşların və ölkədə yaşayan insanların həyatına, eləcə də regionun təhlükəsizliyi və sabitliyinə yönəlmiş birbaşa təhdidlərə tam laqeyd münasibəti nümayiş etdirir.

Qətər, İranın Küveyt və Bəhreynə yönəltdiyi hücumları qəti şəkildə pisləyib. Hücumlar nəticəsində Küveyt Beynəlxalq Hava Limanına ziyan dəyib və xəsarət alanlar olub. Qətər XİN X sosial platformasında yaydığı bəyanatda bildirib ki, hücumlar 1949-cu il Cenevrə Konvensiyalarını və beynəlxalq humanitar hüququn, o cümlədən mülki şəxslərə və mülki obyektlərə hücum qadağalarını pozur.

Səudiyyə Ərəbistanı bu gün İran tərəfindən Küveytdə ABŞ bazasına edilən hücumu kəskin şəkildə pisləyib. Səudiyyə Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda hücum “təkrarlanan və qəsdən edilən” hərəkət kimi qiymətləndirilib və Küveytin suverenliyinin pozulması, beynəlxalq hüququn və BMT Nizamnaməsinin pozulması olaraq səciyyələndirilib.

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabiyə yönəlmiş hücum cəhdi nəticəsində yaralananlar var. Məlumata əsasən, yaralananlardan 6 nəfəri Nepal, 5 nəfəri Hindistan vətəndaşıdır. Onlardan 11 nəfərin vəziyyəti yüngül və orta ağır qiymətləndirilir, bir nəfərin isə ağır yaralandığı bildirilir.

Küveyt Beynəlxalq Hava Limanında baş verən dron hücumu regionda gərginliyin daha da artdığını göstərir. Rəsmi mənbələrə görə, İran və onun müttəfiqləri tərəfindən həyata keçirildiyi bildirilən hücum nəticəsində hava limanında yerləşən yanacaq çəni vurulub və güclü yanğın baş verib.

Qətər neft tankerinə raket zərbəsi ilə bağlı rəsmi açıqlama verilib. Qətər Müdafiə Nazirliyi İran tərəfindən buraxılan raketin ölkənin ərazi sularında hərəkətdə olan neft tankerinə isabət etdiyini bildirib. Hələlik hücum nəticəsində insan tələfatı və ya ekoloji zərər barədə ətraflı məlumat açıqlanmayıb. Rəsmi qurumlar hadisənin təfərrüatlarını araşdırır.

ABŞ-ın Ər-Riyaddakı səfirliyinin yaydığı yazılı açıqlamada vətəndaşlara təhlükəsiz şəkildə səyahət edə bildikləri halda kommersiya reysləri ilə ölkədən ayrılmaları tövsiyə olunub. Açıqlamada Ər-Riyad, Ciddə və Dammam hava limanlarının fəaliyyətini davam etdirdiyi qeyd olunub və ABŞ vətəndaşlarının təhlükəsiz şəkildə ölkədən çıxmalarının təşviq edildiyi vurğulanıb.

Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası İranın Körfəz ölkələri və İordaniyaya qarşı hücumlarını kəskin şəkildə pisləyən qətnamə qəbul edib. ABŞ, Fransa, Böyük Britaniya, Danimarka, Yunanıstan, Pakistan, Panama, Somali, Bəhreyn, Kolumbiya, Konqo Respublikası, Latviya və Liberiya sənədi dəstəkləyib. Çin və Rusiya isə səsvermədə bitərəf qalıb.

ABŞ Federal Təhqiqat Bürosunun Kaliforniya ştatında fəaliyyət göstərən polis qurumlarını İran tərəfindən mümkün pilotsuz uçuş aparatları hücumu barədə xəbərdar etdiyi iddia olunur. Kaliforniya qubernatoru Gavin Nyusomun ofisi bildirib ki, ştatın Fövqəladə Hallar Xidmətləri idarəsi əhalinin təhlükəsizliyini təmin etmək üçün federal, yerli və ştat səviyyəli təhlükəsizlik qurumları ilə koordinasiyalı şəkildə işləyir.