BAKI,VOA, Fərid Mikayılov
İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri Hörmüz boğazından 24 saat ərzində 25 ticarət gəmisinin təhlükəsiz keçid etdiyini açıqlayıb.
VOA xəbər verir ki, tankerlər və konteyner gəmiləri daxil olmaqla ümumilikdə 25 gəmi zəruri icazələr alaraq SEPAH Hərbi Dəniz Qüvvələrinin təhlükəsizlik koordinasiyası altında strateji su yolunu keçib.
Qurumun yaydığı açıqlamada Hörmüz boğazında hərəkətin “maksimum nəzarət və ağıllı monitorinq” sistemi ilə izlənildiyi və regional dəniz təhlükəsizliyinin təmin edildiyi bildirilib.
Bununla yanaşı, potensial təhdidlərə qarşı xəbərdarlıq edilərək İran Hərbi Dəniz Qüvvələrinin yüksək döyüş hazırlığı vəziyyətində olduğu vurğulanıb.
Açıqlamada istənilən hücum və ya dəniz qaydalarının pozulması halında “sarsıdıcı cavab veriləcəyi” qeyd olunub.