BAKI, VOA, Orxan Qədirzadə
ABŞ Prezidenti Donald Tramp İran ətrafında cərəyan edən hərbi əməliyyatlarda "böyük uğur" əldə edildiyini və Tehranın rəsmi Vaşinqtonla anlaşma imzalamaq üçün ciddi cəhdlər göstərdiyini bəyan edib. Ağ Ev rəhbəri İran tərəfinin nüvə silahına heç vaxt sahib olmayacaqlarını qəbul etdiyini və hazırda "doğru şəxslərlə" danışıqların aparıldığını bildirib.
VOA xəbər verir ki, Prezident Tramp İranın raket ehtiyatlarının tükəndiyini və ölkə üzərində hava nəzarətinin tamamilə ABŞ-ın əlinə keçdiyini iddia edib. "Tehran üzərində azad şəkildə dolaşırıq, istədiyimizi edə bilərik", - deyə o vurğulayıb.
Trampın sözlərinə görə, İran tərəfi ABŞ-ın "USS Abraham Lincoln" aviadaşıyıcısına 100 raket atsa da, onların hamısı zərərsizləşdirilib. O, bu hadisənin İranın raket ehtiyatlarını əhəmiyyətli dərəcədə azaltdığını qeyd edib.
Danışıqlar Dövlət Katibi Marko Rubio və vitse-prezident Ceyms Devid Vensin iştirakı ilə aparılır.
Tramp İranda faktiki rejim dəyişikliyinin yaşandığını, hazırkı təmasda olduqları şəxslərin əvvəlki problemlərə səbəb olanlardan fərqli olduğunu bildirib.
Prezident neft və təbii qazla bağlı "möhtəşəm dəyərə malik böyük bir hədiyyə" aldıqlarını və iqtisadi razılaşmaların masada olduğunu xatırladıb.
ABŞ lideri İranın heç bir zaman nüvə silahına sahib ola bilməyəcəyini bir daha təkrar edib. O, Tehranın bu şərti qəbul etdiyini və danışıqların əsas xəttini məhz bu məsələnin təşkil etdiyini bildirib. Trampın bəyanatları bölgədə hərbi əməliyyatların diplomatik müstəviyə keçməsi ehtimalını gücləndirib.