BAKI,VOA
İraq xaricə qaçaqmalçılıq yolu ilə çıxarılan 100 mindən çox arxeoloji artefaktın ölkəyə qaytarılması üçün genişmiqyaslı plan hazırlayıb.
Bu barədə VOA İraq Xəbər Agentliyinə (INA) istinadən məlumat verir. İraq Mədəniyyət, Turizm və Qədim Əsərlər Nazirliyinin sözlərinə görə, plan mədəni diplomatiya, təhlükəsizlik tədbirləri və hüquqi mexanizmlərdən istifadəni nəzərdə tutur.
Nazir müavini Qasim əs-Sudani bildirib ki, hökumət xüsusilə 2003-cü ildə ABŞ-ın rəhbərlik etdiyi işğaldan sonra oğurlanaraq ölkədən çıxarılan və muzey inventar nömrələri ilə sənədləşdirilmiş artefaktların geri qaytarılmasına üstünlük verir.
Bundan əlavə, qanunsuz qazıntılar zamanı aşkarlanan və rəsmi qeydiyyatı olmayan çoxsaylı artefaktların da müəyyənləşdirilməsi və geri qaytarılması planlaşdırılır. Bu əşyaların sənədlərinin olmaması onların hüquqi baxımdan izlənilməsini və autentikliyinin təsdiqlənməsini çətinləşdirir.
Planın icrası üçün Xarici İşlər, Daxili İşlər nazirlikləri, Milli Kəşfiyyat Xidməti və Milli Təhlükəsizlik Xidmətinin daxil olduğu birgə işçi qrup yaradılıb. İraq səfirlikləri ilə əməkdaşlıq çərçivəsində xaricdə hərraclara çıxarılan oğurlanmış artefaktların müəyyənləşdirilməsi də nəzərdə tutulur.
İraq həmçinin ölkənin qədim əşyalarını saxlayan xarici şirkət və şəxslərə qarşı beynəlxalq hüquqi tədbirlər görəcəyini açıqlayıb.