BAKI,VOA,Vüsalə Əzimzadə
Misirin Çinə ixracı 2026-cı ilin ilk altı ayında illik ifadədə təxminən 200 faiz artaraq 840,8 milyon dollara çatıb.
Bu barədə VOA Misirin Mərkəzi İctimai Səfərbərlik və Statistika Agentliyinin (CAPMAS) məlumatlarına istinadən xəbər verir. 2025-ci ilin eyni dövründə bu göstərici 280,5 milyon dollar təşkil edib.
Hesabata görə, Misirin Çindən idxalı da 14,3 faiz artaraq 10,4 milyard dollara yüksəlib. Nəticədə iki ölkə arasında ümumi ticarət dövriyyəsi 21,5 faiz artaraq 11,3 milyard dollara çatıb.
Misirin Çinə ixracında əsas payı 494 milyon dollarla yanacaq, mineral yağlar və onların distillə məhsulları təşkil edib. Meyvə-tərəvəz ixracı 150,6 milyon dollar, pambıq və bitki mənşəli tekstil lifləri isə 76,4 milyon dollar olub.
Məlumat Çin Prezidenti Si Cinpinin Misirə iki günlük dövlət səfəri çərçivəsində açıqlanıb. İki ölkə ticarət, investisiya, sənayenin lokallaşdırılması, texnologiya və müdafiə sahələrində əməkdaşlığı genişləndirməyi hədəfləyir.