BAKI,VOA
Sözlükdə "bir şeyi olduğundan başqa cür göstərmək, aldatmaq, oyatmaq; birinin marağını çəkmək, könlünü oxşamaq" mənalarını verən və məsdər olan sehr kəlməsi; "hiylə, aldatma; səbəbi gizli qalan iş" mənalarında isim kimi də istifadə olunur. Raqib əl-İsfahaninin izahlarından yola çıxaraq sehr terminini "əl cəldliyi, gözboyama və sirli sözlər söyləmə yolu ilə həyata keçirilən hiylə və aldatma işi, şeytanla yaxınlıq qurub ondan yardım alma və cisimlərin şəklini dəyişdirmə iddiası" kimi tərif etmək mümkündür.
Sehr, həmçinin "pis ruhlu varlıqlar tərəfindən ortaya qoyulan bəzi əməllər və göstərilər, baş vermə forması aydın olmayan bir hadisəni həqiqətə zidd şəkildə göstərən prosedurlar" şəklində də tərif edilmişdir. İbn Xalduna görə sehr, bəzi insanların səmavi köməkçilərə müraciət etmədən birbaşa (nəfsani gücləri ilə) təsir göstərməsindən ibarətdir. Daşköprizadə Əhməd Əfəndi isə astronomiya hadisələri ilə göy cisimlərinin xüsusiyyətlərini və bunların yer üzü hadisələri ilə əlaqəsini araşdıran elm sahəsinə sehr adını verir. Türk dilində (və Azərbaycan dilində) sehr qarşılığında "büyü" (cadü) kəlməsi işlədilsə də, əl cəldliyi və illüzyon kimi texnikaları da əhatə edən sehrin cadudan daha əhatəli olduğunu söyləmək mümkündür. Sehr tətbiq edən şəxsə sahir (sehrbaz) deyilir.
İbtidai cəmiyyətlərin həyatında mühüm yer tutan sehr Misir, Babil, Hind və Yunan sivilizasiyalarında geniş şəkildə icra edilmiş, yəhudi və xristian rəhbərlərinin sehrbazlara ağır cəzalar verməsinə baxmayaraq, bunun qarşısı alına bilməmişdir. Cahiliyyə ərəbləri arasında kahanət (öncəgörmə) kimi sehr də yayğın idi və onlar, Tanrı adına yer üzündə iş gördüklərinə inandıqları cin və şeytan kimi görünməyən varlıqlarla əlaqə quraraq sehr edildiyini düşünürdülər. Bütpərəstlik kimi sehri də başqa mədəniyyətlərdən götürən İslamdan əvvəlki ərəblər tilsim, havas, ruqyə, əzaim və şəbəzə kimi cadu növlərindən də xəbərdar idilər. Lakin ən çox tətbiq etdikləri sehr növü cinlərlə əlaqə quraraq edildiyinə inanılan əzaim idi. Cahiliyyə dövründə daha çox yəhudilər sehrlə məşğul olurdular. Bununla yanaşı, mənbələrdə Nəcran ərəblərinin də sehr təhsili aldıqları, həmçinin Cürhüm qəbiləsinin qədim misirlilər kimi süni ilanlarla insanları qorxutduqları və yəmənlilərin öz qalalarını tilsimlər sayəsində farslara qarşı qoruduqları şəklində məlumatlara rast gəlinir. Usta şairlərin və qeybdən xəbər verən şəxslərin bu bacarıqlarını "izləyici" (reiy/təbi) adlandırılan cinlər vasitəsilə əldə etdikləri sanıldığından, müşriklər müxtəlif möcüzələr göstərən Hz. Peyğəmbər haqqında kahin və ya sahir (sehrbaz) hökmünü vermişdilər. (Qeyd edək ki, Azərbaycan dilində işlədilən “təbi gəldi” ifadəsi də məhz burdan götürülüb.)
Qurani-Kərimdə sehr
Qurani-Kərimdə sehr və onun törəmələri termin mənasında 56 ayədə 60 dəfə keçir; bunların 40-dan çoxu Hz. Musa, Harun və Hz. Məhəmmədlə bağlı ayələrdə yer alır. Həmçinin Hz. Saleh, Şueyb və İsanın mühatabları tərəfindən sehrbaz və ya sehrlənmiş kimi xarakterizə edildiyini bildirən ayələrdə sehrlə bağlı kəlmələr işlədilmiş, bu iddiaların iftiradan ibarət olduğu, inkarda olanların qədimdən bəri peyğəmbərlər haqqında belə sözlər söylədikləri bildirilmişdir. Quranda sehrin üç formasına toxunulduğunu söyləmək mümkündür:
Misirlilərin sehri: Hz. Musa dövründə Misirdə sehrbazlar bəzi texnikalara müraciət edərək xəyal etdirmə (illüzyon) şəklində sehr edirdilər (Taha 20/66). Musa, qardaşı Harunla birlikdə ilahi mesajı çatdırmaq üçün Firon və tərəfdarlarına göndərildikdə, Firon onların möcüzə göstərməsini istəmiş, bunun üzərinə əsa və "yedi-beyza" möcüzələri baş vermişdir. Musanı sehrbazlıqda günahlandıran Firon ətrafındakı güclü sehrbazlar vasitəsilə ona qalib gələ biləcəyini düşünmüş, lakin Musa əsası ilə sehrbazların istifadə etdiyi sehr alətlərinin hamısını təsirsiz hala gətirmişdir. Beləliklə, göstərilərinin bir aldatmacadan ibərət olduğu ortaya çıxmış, işin əslini bilən sehrbazlar iman gətirmişlər (əl-Əraf 7/106-122; əş-Şüəra 26/31-48). Qurani-Kərim bir çox ayədə Hz. Musanın sehrbaz olmadığını, rəqiblərinin sehrini sehrlə deyil, Allahın izni ilə təsirsiz hala gətirdiyini və digərlərinin ortaya qoyduğu göstərilərin aldatmacadan ibarət olduğunu açıqlamaqdadır (əl-Əraf 7/103-105, 116-117; Yunus 10/76-77, 81; Taha 20/60-69).
Babillilərin sehri: Bu, səmavi güclərdən yardım alaraq edilən sehr növü olub, Bəqərə surəsinin 102-ci ayəsində bunun üzərində dayanılmışdır. Burada Hz. Süleymanın hökmranlığının sehrə söykəndiyini söyləyən yəhudilər tənqid olunur; bəzi şəxslərin cəmiyyətə zərəri toxunan və ər-arvadın arasını vurmağı hədəfləyən şeyləri öyrəndikləri, halbuki Allahın izni olmadıqca kimsənin kimsəyə zərər verə bilməyəcəyi bildirilir. Ayədə şeytanlar, onlara uyan insanlar, Harut və Marut sehrlə əlaqəli tərəflər kimi göstərilir. Burada şeytanlara tabe olanlarla Hz. Süleyman (və ya Hz. Məhəmməd) dövründə yaşayan yəhudilərin, Harut və Marut ilə də iki mələyin və ya Babilli iki kralın, yaxud iki tayfanın nəzərdə tutulmuş ola biləcəyi qeyd edilir. Ayədə bəhs edilən sehrin növü və mahiyyəti haqqında fərqli fikirlər irəli sürülmüşdür. Məsələn, buradakı sehrin səmavi olduğu deyildiyi kimi, bəşər qaynaqlı olduğu və xüsusilə yəhudilər tərəfindən ortaya qoyulduğu da söylənilmişdir. Ayədə sehrin öyrədilə bilən və ər-arvad arasını vurub zərər doğuran bir şey kimi xarakterizə edilməsi, ilk baxışda onun bir həqiqətinin olduğunu düşündürsə də, edilən işin "küfr" olaraq adlandırılması bunun batil bir inanc olduğu fikrini dəstəkləyir. Buna görə də ayədə sehrin təsiri, onun həqiqət olmasından deyil, mühatab üzərində buraxdığı psixoloji təsirdən qaynaqlanır.
Düyünlərə üfürmə yolu ilə icra edilən sehr: Fələq surəsindəki müvafiq ayədə sehr kəlməsi işlədilmədən düyünlərə üfürənlərin şərindən Allaha sığınılması istənilir. Burada "üfürənlər" mənasında "nəffasat" kəlməsi keçir. Azərbaycan dilində bu şəxslərə cadugər deyilir. Hz. Peyğəmbər dövründə oxuduqları duaları əllərindəki iplərə üfürüb düyün vuran və bu yolla cadu edən şəxslər var idi. İbn Xaldun Misirdə bu cür şəxslərə rast gəldiyini qeyd edir. "Düyünlərə üfürənlər" ifadəsi, Küreyb b. Əbu Müslimə görə məcazi mənada "müxtəlif naz-qəmzə ilə kişilərin fikirlərini çəkən qadınlar" mənasına da gəlməkdədir. Bəzi müfəssirlər Hz. Ayşə və Zeyd b. Ərqam vasitəsilə nəql edilən iki fərqli hadisəyə dayanaraq, Fələq surəsindəki ayəni Rəsul-i Əkrəmə sehr edildiyini irəli sürən rəvayətlərlə əlaqələndirmişlər. Bu rəvayətlərdə Ləbid b. Asam adlı bir şəxsin Hz. Peyğəmbərə cadu etdiyi, bunun təsiri ilə Rəsulullahın etmədiyi şeyləri etmiş kimi xəyal etməyə başladığı, ardından iki mələk tərəfindən vəziyyətin ona xəbər verilib cadunun Zərvan quyusuna atıldığı bildirilir. Lakin bəzi alimlər tərəfindən sözügedən rəvayətlərə hədis texnikası baxımından tənqidlər yönəldildiyi kimi, bunların məzmunu da təbliğ vəzifəsinin mahiyyətinə və tələblərinə zidd hesab edilmişdir. Çünki bir peyğəmbərin sehrin təsirində qalması, ilahi vəhyə bəşəri ünsürlərin qarışa biləcəyi ehtimalını ortaya çıxaracağı kimi, inkarda olanların peyğəmbəri sehrlə əlaqələndirmə iddialarını da haqlı çıxarar. Halbuki bir çox ayədə Rəsul-i Əkrəmin Allahın qoruması altında olduğu və Quranın zehninə yaxşıca yerləşməsini təmin etmək üçün ona peyderpey endirildiyi bildirilmişdir. Köhnə və yeni dövr alimlərinin bir hissəsi, Hz. Peyğəmbərə sehr edildiyi yönündəki rəvayətin "xəbər-i vahid" olması səbəbiylə qəti bilgi dəyəri daşımadığını, həmçinin Fələq surəsinin Məkkədə endiyini, sehr hadisəsinin isə Mədinədə baş verdiyinin deyildiyini xatırladaraq Rəsulullaha sehr edildiyi iddiasını rədd etmişlər. Alimlərin çoxu isə sözügedən rəvayətlərin səhih olduğunu, lakin sehrin Rəsul-i Əkrəmin zehnini və qəlbini deyil, sadəcə bədənini təsir etdiyini, nəticədə vəhyin qorunmuşluğuna zərər vermədiyini söyləmişlər. Digər bəzi alimlər isə Hz. Peyğəmbərə sehr edilmiş olsa belə, ilahi qoruma altında olduğundan sehrin ona təsir etmədiyini bildirirlər. Bu şərh, nəticə etibarilə Rəsulullaha sehr edildiyinə dair rəvayəti rədd edən birinci görüşlə birləşməkdədir.
Ümumi dəyərləndirmə və hökm
Ayə və hədislərin ümumi məzmunu nəzərə alındıqda, sehrin bəzi növlərinin qeyri-adi bilik və güc iddiasına söykənməsi səbəbindən tövhidə zidd bir inanc kimi qiymətləndirilməsi lazımdır. Bəziləri isə hiylə və saxtakarlıq kimi əxlaqdankənar davranışlardan ibarətdir. Bununla yanaşı, sehr sosial həyatın bir faktı kimi görülərək, onun daha çox iman və əxlaq baxımından doğuracağı nəticələr üzərində dayanılmışdır. Belə ki, hədislərdə sehr insanı məhvə aparan yeddi böyük günahdan biri hesab edilmiş, fal və kahanət kimi o da qadağan edilmişdir. Bu yanaşma Hz. Peyğəmbərdən sonra səhabələr tərəfindən davam etdirilmiş, Hz. Ömər xilafəti dövründə sehrbazlıq edənlərin cəzalandırılacağını elan etmişdir. Mövzunu ictimai asayiş baxımından ələ alan fiqh alimləri, dini baxımdan inkara gətirib çıxaran sehrin dindən dönmə (irtidad) cinayətinə bərabər tutulmasını, bu nəticəni doğurmayan sehrlərdə isə sehrbazın cəmiyyətə vurduğu zərərə görə cəzalandırılmasını nəzərdə tutmuşlar.
Pozitiv elm nümayəndələri də sehr qarşısında qətiyyətli mövqe nümayiş etdirmişlər. Elm və fəlsəfədə sehr, təməldə ağla və təcrübəyə söykənən praktik düşüncənin bəzi obyektlərdən məntiqdənkənar üsullarla yararlanması metodu kimi görülmüşdür. Sehrbazlar təbiətdə baş verən hadisələri fizika qanunları ilə izah edən elm adamlarının əksinə, onları gizli səbəblərə əsaslandırırlar. Bu mövqe bir tərəfdən elmin inkişafına mane olsa da, digər tərəfdən ona töhfə vermişdir. Belə ki, tarixdə astrologiya, kimya (simya), havas elmi kimi okkult tətbiqlərin astronomiya, kimya, tibb, əczaçılıq və s. elmlərin inkişafına kömək etdiyi məlumdur. Günümüzdə də təcrübi metodları aşan telepatiya, telekineziya və parafiziki hadisələr parapsixologiya tərəfindən araşdırma mövzusu edilir. Bu sahədəki işləri ilə tanınan Hans Holzer paranormal fenomenlərin, mahiyyətləri hələlik məlum olmayan bəzi təbiət qanunları çərçivəsində baş verdiyini və gələcəkdə bilinmə ehtimallarının olduğunu bildirir. Bu məlumatlardan caduya qanunilik qazandırmaq əvəzinə, kainatda hələ kəşf edilməmiş bir çox sahənin olduğu mənası çıxarılmalıdır. Fəqihlərin və elm adamlarının əks mövqeyinə baxmayaraq, fal və kahanət kimi sehr də xalq mədəniyyətində tarix boyu yaşamışdır. Bu isə Cahiliyyə ənənəsinin müxtəlif formalarda yaşamağa davam etməsindən başqa bir şey deyil. Bu səbəbdən ulduzların təsirinə söykənən sirli sehr növlərini dinin deqradasiyası nəticəsində ortaya çıxmış metafizik anlayışları əks etdirən saxta bir inanc, möcüzəyə bir növ alternativ ortaya qoymağa çalışan sehrbazı da tarixdə bənzərlərinə çox rast gəlinən saxta peyğəmbər kimi qiymətləndirmək mümkündür. Sehrin gözboyamağa (şəbəzə) söykənən növlərinin isə birbaşa imanla deyil, əməl və əxlaqla bağlı hərəkətlər xarakteri daşıdığı, burada bəzi gizli qabiliyyət və biliklərin istifadə edilməsi vasitəsilə insanların aldadılması, istismar edilməsi və zərərə uğradılmasının söz konusu olduğu söylənilə bilər. Digər tərəfdən, zaman-zaman insanoğlunun təbiətin sirlərini və ya səbəbi bilinməyən hadisələri (paranormal fenomenlər) qavrama səyinin sehr kimi adlandırıldığı da məlumdur. Bu növ hadisələrin təkrar edilə bilməməsi onların elmin sahəsinə girməsinə maneə təşkil edir.
Sehr mövzusunda qədim Misir, Yunan, Babil və Hind mədəniyyətlərində bir çox əsər yazılmış, İslami dövrdə də bu ənənə davam etdirilmişdir. Bununla belə, İslami ədəbiyyat daha çox sehrin həqiqətinin olub-olmaması nöqtəsində fokuslanmışdır. İbnün-Nədim əzaim, şəbəzə, sehr, nirencət, hiyəl və tilsim mövzusunu işləyərkən, Hz. Süleymanın etdiyi kimi cinləri xidmətə cəlb edərək həyata keçirilən işlərə əzaim adını verir və bunun dinən caiz sayıldığını bildirir. Buna qarşılıq İblis və ya nəvəsi Bizahın yardımları ilə edilən işləri sehr adlandırıb dinən qadağan olduğunu qeyd edir. İbn Xaldun Babildə süryani və keldanilərin, Misirdə qiptilərin və başqalarının sehr mövzusunda çoxlu əsər yazdıqlarını, lakin bunların çox azının ərəbcəyə tərcümə edildiyini, Babil sehrindən bəhs edən əl-Filahatün-Nabatiyyenin bunlardan biri olduğunu və sonrakı müəlliflərin bu əsərlərdən yararlandıqlarını bildirir. Şərqdə Cabir b. Heyyanı, Qərbdə Əbül-Qasım Məsləmə b. Əhməd əl-Məcritini nümunə göstərir. Daşköprizadə isə sehri Hind, Babil, Yunan və İbrani-Qipti-Ərəb ənənələri olmaqla dördə ayırdıqdan sonra hər birinə dair konkret klassik əsərləri nümunə gətirir. Manfred Ullmann da Die Natur- und Geheimwissenschaften im Islam adıyla nəşr etdiyi kitabında (Leyden 1972) mövzuya geniş bir bölmə ayırmışdır. Buradakı ədəbiyyat içində Əbu Bəkir Məhəmməd b. Zəkəriyyə ər-Razinin, Cabir b. Heyyanın, İbn Vahşiyyənin, Fəxrəddin ər-Razinin, Əhməd b. Əli əl-Buninin əsərləri diqqət çəkir. Çap edilən klassik əsərlər arasında Fəxrəddin ər-Razinin Qissatüs-sihr vəs-sehara fil-Quranil-Kərim, İbn Qayyim əl-Cövziyyənin Dəfüş-şər minəl-həsəd vës-sihr və İbn Həcər əl-Əsqalaninin əs-Sihr vəl-kəhanə vəl-həsəd əsərlərini qeyd etmək lazımdır.