Onlar Süleymanın hökmranlığına dair şeytanların oxuduqlarına uydular. Süleyman isə kafir olmadı. Lakin şeytanlar cadunu və Babildə Harut və Marut adlı iki mələyə nazil olanı insanlara öyrədərək kafir oldular. Halbuki (o iki mələk): “Biz sadəcə imtahan vəsiləsiyik. Ona görə də kafir olma!” - deməmiş heç kimə (cadu) öyrətmirdi. Beləcə, ər-arvad arasını vuran əməlləri onlardan öyrənirdilər. Ancaq onlar Allahın izni olmadan onunla heç kəsə zərər verə bilməzlər. Onlar özlərinə faydası olmayıb zərər verən şeyləri öyrənirdilər. Onu (cadunu) satın alanların axirətdə bir payı olmadığını da bilirlər. Kaş özlərini nə qədər pis bir şeyə satdıqlarını biləydilər! (Qədim xalqların çoxu caduya inanırdı. Buna görə də dini etiqadlarının içinə də cadu qarışmışdı. Yəhudilər arasında da cadugərlik yayılmışdı və onlar Süleyman peyğəmbərin cadugər olduğuna inanırdılar. Quranda Süleymanın peyğəmbər olduğu xəbər verildikdə yəhudilər: “Mühəmməd Süleymanı peyğəmbər zənn edir. Halbuki o, bir cadugər idi”, – demişdilər.)
#Harut və Marut nədir?
Sözlükdə "bir şeyi olduğundan başqa cür göstərmək, aldatmaq, oyatmaq; birinin marağını çəkmək, könlünü oxşamaq" mənalarını verən və məsdər olan sehr kəlməsi; "hiylə, aldatma; səbəbi gizli qalan iş" mənalarında isim kimi də istifadə olunur. Raqib əl-İsfahaninin izahlarından yola çıxaraq sehr terminini "əl cəldliyi, gözboyama və sirli sözlər söyləmə yolu ilə həyata keçirilən hiylə və aldatma işi, şeytanla yaxınlıq qurub ondan yardım alma və cisimlərin şəklini dəyişdirmə iddiası" kimi tərif etmək mümkündür.