Misir Futbol Federasiyası Mərakeşdə təşkil olunan Qadınlar arasında Afrika Millətlər Kubokunda qeydə alınan uğursuz nəticələrin ardınca Məhəmməd Kamalın rəhbərlik etdiyi qadın yığmasının məşqçilər heyətini istefaya göndərdiyini açıqlayıb. Qurum eyni zamanda ölkədə qadın futbolunun inkişafı üçün uzunmüddətli strateji planın hazırlanacağını təsdiqləyib.
Misir millisi Zambiya, Malavi və Nigeriyaya qarşı keçirdiyi hər üç oyunda məğlub olaraq "C" qrupunda xal qazana bilməyib və sonuncu pillədə qalaraq qitə turniri ilə qrup mərhələsində vidalaşıb.
Turnirdəki üçüncü çıxışını edən Misir yığması ilk matçında Zambiyaya 6:0, növbəti görüşdə Malaviyə 3:1, son oyunda isə Nigeriyaya 6:2 hesabı ilə məğlub olub; komanda turnir boyu qapısında 15 qol gördüyü halda, cəmi 3 qol vura bilib.
Misir qadın həndbol yığması dünya dördüncüsü oldu
Misir Futbol Federasiyasının bəyanatında bildirilib ki, İdarə Heyəti milli komandanın məşqçilər korpusu ilə yolları ayırmaq qərarına gəlib. Həmçinin federasiya İdarə Heyətinin üzvləri Vəlid Dərviş və İnas Məzhər, eləcə də qurumun texniki direktoru Şövqi Qəribin daxil olduğu xüsusi komissiyanın yaradılması barədə qərar qəbul edib; komissiya qadın futbolunun inkişafı üçün uzunmüddətli strategiya hazırlayacaq.
Qeyd olunub ki, strategiya yeni nəsil futbolçuların yetişdirilməsi, kütləviliyin artırılması, istedadların aşkarlanması və onların hazırlanması üzrə dayanıqlı proqramı əhatə edəcək, həmçinin FİFA-nın İstedadların İnkişafı Layihəsinin imkanlarından istifadə olunacaq.
Federasiya növbəti mərhələdə yığmaya rəhbərlik edəcək yeni baş məşqçinin və ya texniki heyətin adını hələlik açıqlamayıb.
Qeyd edək ki, Kamerun qadın millisi finalda Malaviyə 3:0 hesabı ilə qalib gələrək tarixində ilk dəfə Afrika Millətlər Kubokunun qalibi olub.