BAKI,VOA Analitik Təhlil Mərkəzi
Böyük Britaniyanın Avropa İttifaqından ayrılması ilə nəticələnən “Breksit” qərarından 10 il keçməsinə baxmayaraq, bu addımın ölkə iqtisadiyyatına təsiri ətrafında müzakirələr davam edir. Son dövrlərdə Böyük Britaniyada Avropa İttifaqı ilə münasibətlərin yenidən nəzərdən keçirilməsi və gələcəkdə birliyə qayıdış ehtimalı ilə bağlı müzakirələr daha da intensivləşib.
Müzakirələrin yenidən gündəmə gəlməsinə səbəb Böyük Britaniya hökumətinin yüksək vəzifəli nümayəndələrinin “Breksit”in iqtisadi nəticələri ilə bağlı açıq etirafları olub. Böyük Britaniyanın Maliyyə Nazirliyində dövlət naziri vəzifəsini daşıyan Lord Spenser Livermor bildirib ki, ölkənin uzunmüddətli maraqları baxımından Avropa İttifaqı ilə daha dərin inteqrasiya qaçılmaz görünür.
Onun sözlərinə görə, Böyük Britaniyanın Avropa İttifaqından ayrılması iqtisadi artıma ciddi zərbə vurub. Büdcə Məsuliyyəti Ofisinin qiymətləndirmələrinə əsasən, “Breksit” ölkənin ümumi daxili məhsuluna 6-8 faiz arasında mənfi təsir göstərib.
Rəqəmlər göstərir ki, Böyük Britaniyanın ümumi daxili məhsulu 2025-ci ildə 4 trilyon ABŞ dollarını ötüb. Bu fonda iqtisadiyyatın ən azı 6 faiz itki verməsi 240 milyard dollardan artıq potensial zərər deməkdir.
Araşdırmalara görə, “Breksit”in təsirləri dərhal hiss olunmasa da, son on il ərzində mərhələli şəkildə yığılıb. İqtisadi göstəricilərdə baş verən dəyişikliklər əsasən investisiyaların azalması, məhsuldarlığın zəifləməsi, məşğulluq imkanlarının məhdudlaşması və ticarət maneələrinin artması ilə əlaqələndirilir.
Milli İqtisadi Tədqiqatlar Bürosunun 2025-ci ilin noyabrında dərc etdiyi araşdırmada qeyd olunur ki, Böyük Britaniyada adambaşına düşən ümumi daxili məhsul Avropa İttifaqında qalacağı təqdirdə əldə edilə biləcək səviyyə ilə müqayisədə 6-8 faiz aşağı olub.
Eyni zamanda ölkədə investisiyaların həcmi 12-18 faiz arasında azalıb. Mütəxəssislər bunu Böyük Britaniyanın Avropa bazarına maneəsiz çıxış imkanlarını itirməsi ilə əlaqələndirirlər. Hesabatda həmçinin məşğulluğun 3-4 faiz, məhsuldarlığın isə 3-4 faiz gerilədiyi vurğulanır.
İqtisadçılar bildirirlər ki, itkilərin əsas səbəblərindən biri Avropa İttifaqı ilə ticarətin daha bahalı və mürəkkəb hala gəlməsidir. Böyük Britaniya birlikdən ayrılana qədər şirkətlər Avropa bazarında gömrük maneələri olmadan fəaliyyət göstərirdilər. Ayrılıqdan sonra isə gömrük prosedurları, mənşə sertifikatları, əlavə sənədləşmə və logistika xərcləri ticarətin maya dəyərini artırıb.
Bu dəyişikliklər Britaniya şirkətlərinin rəqabət qabiliyyətini zəiflədib və Avropa bazarına çıxışı çətinləşdirib. Nəticədə bəzi beynəlxalq investorlar sərmayələrini Böyük Britaniya əvəzinə Avropa İttifaqına üzv ölkələrə yönəltməyə başlayıblar.
Rəsmi statistikaya görə, 2025-ci ildə Böyük Britaniya ixracatının 41 faizi Avropa İttifaqı ölkələrinin payına düşüb. Həmin dövrdə ölkənin idxalının isə təxminən 50 faizi birlik ölkələrindən həyata keçirilib.
2025-ci ildə Böyük Britaniyanın mal və xidmət ixracı 931 milyard funt sterlinq, idxalı isə 970 milyard funt sterlinq təşkil edib. Ölkə Avropa İttifaqı ilə mal ticarətində 242 milyard funt sterlinq həcmində kəsirlə üzləşsə də, xidmət sektorunda 203 milyard funt sterlinq həcmində profisit əldə edib.
Mütəxəssislər hesab edirlər ki, xüsusilə maliyyə xidmətləri sektorunda Böyük Britaniyanın üstün mövqeyi ölkənin Avropa bazarına daha geniş çıxış imkanlarına ehtiyac duyduğunu göstərir.
Baş nazir Keir Starmer son aylarda Avropa ilə münasibətlərin yenidən qurulmasının vacibliyini vurğulasa da, Avropa İttifaqına tam qayıdış məsələsində ehtiyatlı mövqe nümayiş etdirir. Bunun əsas səbəbi isə “Breksit” tərəfdarlarının və miqrasiya siyasəti ilə bağlı narahatlıqların ölkə daxilində hələ də ciddi siyasi təsirə malik olmasıdır.
Siyasi müşahidəçilərin fikrincə, Böyük Britaniyanın yaxın illərdə Avropa İttifaqına tam üzvlüyü gündəmdə olmasa da, gömrük ittifaqı və ya vahid bazarla daha sıx inteqrasiyanı nəzərdə tutan yeni əməkdaşlıq modelləri müzakirə oluna bilər.