BAKI,VOA Analitik Təhlil Mərkəzi
Keniyanın paytaxtı Nayrobidə keçirilən “Afrika İrəli” sammiti Fransanın Afrikadakı zəifləyən təsirini yenidən formalaşdırmaq cəhdi kimi qiymətləndirilir.
Fransa prezidenti Emmanuel Makron və Keniya prezidenti Uilyam Ruto tərəfindən açılışı edilən sammit Fransa-Afrika münasibətlərində yeni mərhələ kimi təqdim olunur. Bu tədbir həm də Fransanın ingilisdilli Afrika ölkəsində təşkil etdiyi ilk böyük Afrika sammiti hesab edilir.
Makron Nayrobidə çıxışı zamanı Fransanın frankofon Afrika ölkələrindəki “təsir dairəsi dövrünün başa çatdığını” bəyan edib. O bildirib ki, Paris artıq Afrika ilə münasibətlərdə köhnə siyasi və hərbi modeldən uzaqlaşaraq iqtisadi tərəfdaşlıq strategiyasına üstünlük verir.
Sammit Makronun Misirdən başlayan Afrika turu çərçivəsində keçirilir. Fransa lideri əvvəlcə İsgəndəriyyədə Frankofoniya Universitetinin yeni kampusunun açılışında iştirak edib, daha sonra isə Efiopiyanın paytaxtı Əddis-Əbəbədə Afrika İttifaqının rəhbərliyi və BMT baş katibi Antonio Quterreşlə görüşlər keçirəcək.
“Afrika İrəli” sammiti Fransanın Sahil bölgəsində ciddi geosiyasi geriləmə yaşadığı dövrə təsadüf edir. Son illərdə Paris Niger, Mali və Burkina-Fasodan hərbi qüvvələrini çıxarmağa məcbur olub. 2025-ci ildə isə Seneqalda da Fransa ordusunun daimi hərbi mövcudluğu sona çatıb. Bu proses Afrikada anti-Fransa əhval-ruhiyyəsinin güclənməsi və Rusiyanın, Çinin, Türkiyənin, eləcə də ABŞ-ın regiondakı təsir yarışının sürətlənməsi fonunda baş verir.
Ekspertlər hesab edirlər ki, Nayrobidə keçirilən sammit Fransanın yeni geosiyasi xəritədə özünə alternativ dayaqlar axtarmasının göstəricisidir. Paris artıq yalnız keçmiş müstəmləkələri ilə deyil, Şərqi Afrikanın ingilisdilli iqtisadi mərkəzləri ilə də əməkdaşlığı genişləndirməyə çalışır.
Sammit çərçivəsində davamlı maliyyələşmə, beynəlxalq maliyyə sisteminin islahatı, yaşıl enerji keçidi, rəqəmsal transformasiya, süni intellekt, kənd təsərrüfatı, ərzaq təhlükəsizliyi və regional təhlükəsizlik məsələləri müzakirə olunur. Tədbirin ilk günündə 1500-dən çox investor və sahibkarın iştirakı ilə biznes forum keçirilib.
Keniya isə sammit vasitəsilə özünü Afrikanın əsas maliyyə və investisiya mərkəzlərindən biri kimi təqdim etməyə çalışır. Nayrobi rəhbərliyi hesab edir ki, yaşıl iqtisadiyyat, innovasiya və texnologiya sahəsində regional liderlik ölkəyə yeni xarici sərmayə axını gətirə bilər.
Bununla belə, müşahidəçilər qarşıda mühüm sualların qaldığını vurğulayırlar. Əsas müzakirə mövzusu Fransanın həqiqətən Afrikaya münasibətini dəyişib-dəyişmədiyi ilə bağlıdır. Bir sıra ekspertlər Makronun “nüfuz dövrü bitdi” açıqlamasının sadəcə siyasi ritorika olub-olmadığını diqqətlə izləyirlər.