BAKI,VOA Analitik Təhlil Mərkəzi, Orxan Qədirzadə
Macarıstanda 16 illik fasiləsiz hakimiyyətdən sonra postunu tərk edən Viktor Orban təkcə öz ölkəsinin deyil, həm də qlobal sağçı hərəkatın və müasir siyasi idarəetmənin simasını köklü şəkildə dəyişmiş lider kimi tarixə düşür. Donald Trampın "ağıllı və qətiyyətli" olaraq xarakterizə etdiyi Orbanın tətbiq etdiyi "illiberal demokratiya" modeli bu gün ABŞ-dan Avropaya qədər geniş bir coğrafiyada yeni siyasi standart kimi qəbul edilməkdədir.
"Orbanizm" - Liberal demokratiyanın struktur çöküşü
Viktor Orbanın siyasi mirası 1989-cu ildə Berlin divarının yıxılmasından sonra Qərbin proqnozlaşdırdığı "tarixin sonu" və liberalizmin qələbəsi tezislərini alt-üst etdi. Orban sübut etdi ki, bir ölkə Avropa İttifaqı və NATO-nun üzvü olaraq qalsa da, daxildə Qərb dəyərlərinə tamamilə zidd olan avtoritar-millətçi struktur qura bilər.
Orbanın tətbiq etdiyi model üç əsas sütun üzərində dayanır:
Məhkəmə sistemi, media və seçki qanunvericiliyinin hakim partiyanın (Fidesz) maraqlarına uyğun yenidən formalaşdırılması.
"Xristian sivilizasiyasının müdafiəsi", miqrasiya əleyhdarlığı və ailə dəyərlərinin siyasi silah kimi istifadəsi.
Xarici bankların və beynəlxalq qurumların təsirini azaldan, hakimiyyətə yaxın oliqarxik təbəqənin formalaşmasına xidmət edən iqtisadi model.
Tramp və Orban - İdeoloji qardaşlıq
Donald Tramp və Viktor Orban arasındakı yaxınlıq sadəcə şəxsi rəğbət deyil, dərin bir siyasi "nou-hau" mübadiləsidir. Orbanın Budapeştdə sınaqdan keçirdiyi metodlar – bürokratiyanın siyasiləşdirilməsi, universitetlərə nəzarət və medianın mərkəzləşdirilməsi – Tramp tərəfdarları üçün "Proyekt 2025" kimi sənədlərin ilham mənbəyinə çevrilib.
ABŞ-ın sağçı elitası Orbanı "sərt güc" tətbiq edərək liberal elitaları məğlub etməyin yeganə yolunu göstərən lider kimi görür. "Dunay İnstitutu" və "Matyas Korvinus Kolleci" kimi beyin mərkəzləri vasitəsilə Budapeşt qlobal mühafizəkar hərəkatın intellektual mərkəzinə çevrilmişdir.
Regional təsir və "Şərq blokunun" qayıdışı
Orbanın təsiri təkcə Macarıstanla məhdudlaşmır. Polşa, Slovakiya və Çexiyadakı mühafizəkar-millətçi hərəkatlar məhz Orbanın modelini örnək götürərək "milli ləyaqətin bərpası" şüarı ilə hakimiyyətə gəliblər. Bu proses post-kommunist elitaların öz siyasi və iqtisadi kapitalını yeni "milli kapitalizm" modelinə çevirməsi ilə müşayiət olunur.
İtaliyada Ciorcia Meloni, Fransada Marin Le Pen və Almaniyada "AfD" kimi partiyalar Orbanın strategiyasından istifadə edərək sübut etdilər ki, anti-miqrasiya və anti-qlobalizm ritorikası ilə demokratik seçkilərdə qalib gəlmək mümkündür.
Gələcəyin sınağı - Orbansız Macarıstan və dəyişən dünya
Viktor Orbanın hakimiyyətdən gedişi Macarıstanda yeni bir dövrün başlanğıcı olsa da, onun dünya siyasətinə vurduğu "izlər" silinməz qalır. Orbanın "illiberal" yanaşması artıq qlobal sağın əsas fəaliyyət planına çevrilib. Bu model Qərbin 1945-ci ildən bəri qurduğu liberal-demokratik nizamın ən ciddi alternativinə çevrilməyi bacarıb.
Macarıstanın yeni hökumətinin Orban irsini nə dərəcədə aradan qaldıracağı bəlli deyil, lakin "Orbanizm" artıq sərhədləri aşaraq qlobal bir ideologiya kimi formalaşıb.