#İlliberal demokratiya

Macarıstanın siyasi səhnəsində baş verən son dəyişikliklər, Viktor Orbanın 16 illik fasiləsiz hakimiyyətinə son qoyan Peter Maqyarın qələbəsi ilə ölkəni yeni bir dövrün astanasına gətirib. Uşaqlıq illərində Orbanın pərəstişkarı olan, sonradan isə onun komandasında yüksək vəzifələr tutan Maqyarın bu "insayder inqilabı", Macarıstanın həm daxili idarəetmə modelini, həm də beynəlxalq münasibətlər sistemindəki yerini kökündən sarsıdır. "Tisza" partiyasının parlamentdəki üçdə iki səs çoxluğu ilə əldə etdiyi mütləq üstünlük, təkcə bir liderin gedişi deyil, həm də Avropanın mərkəzindəki "illiberal demokratiya" modelinin iflası kimi qiymətləndirilir.

Macarıstanda 16 illik fasiləsiz hakimiyyətdən sonra postunu tərk edən Viktor Orban təkcə öz ölkəsinin deyil, həm də qlobal sağçı hərəkatın və müasir siyasi idarəetmənin simasını köklü şəkildə dəyişmiş lider kimi tarixə düşür. Donald Trampın "ağıllı və qətiyyətli" olaraq xarakterizə etdiyi Orbanın tətbiq etdiyi "illiberal demokratiya" modeli bu gün ABŞ-dan Avropaya qədər geniş bir coğrafiyada yeni siyasi standart kimi qəbul edilməkdədir.