BAKI,VOA Analitik Təhlil Mərkəzi
Dünya ABŞ-ın Yaxın Şərqə doğru irəliləyən hərbi qüvvələrini, ABŞ-İsrail koalisiyasının İrana qarşı mümkün müharibəsini və bunun Hörmüz boğazındakı naviqasiyaya, neft-qaz qiymətlərinə təsirini narahatlıqla izlədiyi bir vaxtda, ABŞ Konqresinin Tədqiqat Xidməti (CRS) diqqətçəkən bir araşdırma dərc edib. 27 fevral 2026-cı ildə, yəni müharibənin başlamasından cəmi bir gün əvvəl işıq üzü görən "Hakimiyyətin bölünməsi və NATO-dan çıxma" adlı bu araşdırma, Prezident Trampın Konqresin razılığı olmadan ABŞ-ı Şimali Atlantika Müqaviləsi Təşkilatından (NATO) çıxarmaq səlahiyyətinin olub-olmadığını müzakirə edir. Araşdırmanın məhz bu zaman kəsiyində dərc olunması xüsusilə diqqət çəkir.
Müharibənin başlaması ilə Prezident Tramp və administrasiya rəsmiləri avropalı müttəfiqlərin ABŞ-a dəstək verməyə nə dərəcədə hazır olmasından narazılıqlarını ifadə edən bəyanatlarla çıxış ediblər. Tramp açıq şəkildə bildirdi ki, : "Əgər NATO Hörmüz boğazının açılmasına kömək etməkdə uğursuz olsa, onu çox pis bir gələcək gözləyir... Biz Ukraynada NATO-ya kömək etməməli idik, amma etdik. İndi görək onlar bizə kömək edəcəklərmi?"
Bu ritorika administrasiya daxilində də əks-səda tapıb. Dövlət katibi Marko Rubio NATO-nun davranışının ABŞ-ın bu alyansdan nə fayda aldığı sualını doğurduğunu, vəziyyətin artıq yaxşı olmadığını və bu öhdəliyə sadiqliyin getdikcə daha çox problem yaratdığını bəyan edib. Eyni zamanda, "The Telegraph" qəzeti Trampın avropalıların mövqeyindən məyus olduğunu və Almaniyadakı ABŞ qoşunlarını geri çəkmək planını nəzərdən keçirdiyini xəbər verib.
Alyans daxilində sakitləşdirmə cəhdləri
Buna qarşı olaraq, NATO-nun Baş katibi Mark Rutte "Fox News"a müsahibəsində ABŞ-ın İrana qarşı hərəkətini nüvə və ballistik raket təhdidini neytrallaşdırmaq üçün zəruri addım kimi qiymətləndirib. O, İranın həm İsrail, həm region, həm də Avropa və dünya üçün ekzistensial təhlükə olduğunu vurğulayıb. Rutte həmçinin bildirib ki, Hörmüz boğazının yenidən açılması üçün 22 ölkədən ibarət qrup çərçivəsində işlər aparılır və bəzi müttəfiqlər artıq ABŞ-ın çağırışlarına müsbət cavab verməyə başlayıblar.
Bu hadisələr göstərir ki, vəziyyət sadəcə siyasi mübahisə deyil. NATO-dan çıxmağın hüquqi çərçivəsini araşdıran hesabatın dərc olunması ilə Vaşinqtonun alyansa baxışındakı köklü dəyişiklik üst-üstə düşür.
Trampın NATO ilə köhnə davası
NATO-da xərclərin bölüşdürülməsi məsələsi hələ Obama dövründən müzakirə olunurdu və üzv dövlətlərin müdafiə xərclərini ÜDM-in 2%-nə qaldırmaq hədəfi 2014-cü il Uels sammitində rəsmiləşmişdi. Lakin Tramp 2017-ci ildə hakimiyyətə gəldikdən sonra bu məsələni "borc və öhdəlik" müstəvisinə keçirdi. O zaman Alyansın Baş katibi olmuş Yens Stoltenberqin xatirələrinə görə, Tramp müttəfiqlərin az xərcləməsini ABŞ-ın çiyinlərindəki yük və müttəfiqlərin ödəməli olduğu "borc" kimi görürdü.
Tramp hətta Almaniyanın keçmiş kantsleri Angela Merkeldən Alyansa 10 illik "gecikmiş borc" kimi 374 milyard dollar ödəməsini tələb etmişdi. O zaman müdafiə naziri Ceyms Mettis prezidentə izah etməli olmuşdu ki: "Cənab prezident, bu borc və ya rüsum deyil, hər bir ölkənin öz müdafiəsinə ayırdığı xərclərdir."
2025-ci ildə Trampın yenidən prezident seçilməsi ilə təzyiqlər pik həddə çatdı. Keçən il Haaqa sammitində müdafiə xərcləri ÜDM-in 5%-nə qaldırıldı. Maraqlıdır ki, İtaliya kimi bəzi ölkələr bu rəqəmi digər nazirliklərin xərclərini "müdafiə" bəndi altında göstərməklə "formal uyğunluq" yaratmağa çalışıblar. İtaliyanın 2025-ci il üçün real hərbi xərcləri 31 milyard avro olsa da, kağız üzərində bu rəqəm 45 milyard avroya çatdırılıb.
"NATO 3.0" və strategiyanın dəyişməsi
Pentaqonun ən nüfuzlu simalarından biri, müdafiə nazirinin müavini Elbric Kolbi NATO-nun fəaliyyətini üç mərhələyə bölən "NATO 3.0" konsepsiyasını irəli sürüb:
NATO 1.0: Soyuq müharibə dövrü (SSRİ-ni cilovlamaq).
NATO 2.0: SSRİ-nin dağılmasından sonrakı dövr (Əfqanıstan, İraq missiyaları və qlobal krizis idarəçiliyi).
NATO 3.0: Kolbi hesab edir ki, ABŞ-ın resursları tükənir və o, əsas diqqətini Çinlə rəqabətə (Hind-Sakit okean regionu) yönəltməlidir. Buna görə də Avropa artıq öz müdafiəsinə görə tam məsuliyyət daşıyan zəngin və böyük bir güc kimi çıxış etməlidir.
Kolbinin bu yanaşması Avropada ciddi narahatlıq yaradıb. Çünki bu, ABŞ-ın Avropadan tam çıxması demək olmasa da, rolların kəskin şəkildə dəyişdirilməsi deməkdir.
Hüquqi Müstəvi: Kimin səlahiyyətindədir?
NATO müqaviləsinin 13-cü maddəsi çıxış hüququnu tanısa da, ABŞ daxilində bu qərarın kim tərəfindən verilməsi mübahisəlidir. ABŞ Konstitusiyasının 2-ci maddəsi prezidentə müqavilə bağlamaq səlahiyyəti versə də, ləğv etmə qaydasını rəsmən qeyd etmir.
Tarixən prezidentlər müqavilələrdən birtərəfli çıxa biliblər. 1979-cu ildə Prezident Karter Tayvanla olan müdafiə müqaviləsini ləğv edəndə bu məsələ Ali Məhkəməyə qədər getmişdi. Məhkəmə isə bunu "siyasi məsələ" adlandıraraq müdaxilə etməmişdi.
Lakin 2023-cü ildə Konqres prezidentin Senatın üçdə iki səs çoxluğu olmadan NATO-dan çıxmasını qadağan edən xüsusi maddəni "2024-cü il Milli Müdafiə Səlahiyyət Aktı"na (NDAA) əlavə edib. Əgər Tramp indi birtərəfli çıxmaq istəsə, bu, ciddi bir institusional mübarizəyə çevriləcək.
Görünən odur ki, rəsmi çıxış baş verməsə belə, ABŞ-ın öhdəliklərini tədricən azaltması prosesi başlayıb. Alyansın keçmiş Baş katibi Stoltenberq 2025-ci il xatirələrində bu təhlükəni belə xülasə edib:
"NATO-nun rəsmən ləğv olunması vacib deyil, onun öz mənasını itirməsi kifayətdir. Əgər bir ABŞ prezidenti artıq müttəfiqlərini müdafiə etmək istəmədiyini bəyan edirsə, o zaman NATO müqaviləsinin və təhlükəsizlik zəmanətinin heç bir dəyəri qalmır. Dünya dəyərsiz müqavilələrlə doludur və NATO müqaviləsi də onlardan birinə çevrilə bilər."