BAKI, VOA
1842-ci il avqustun 17-də ABŞ Prezidenti Con Taylerin siyasətinə etiraz edən nümayişçilər Ağ Evdən qısa məsafədə onun müqəvvasını yandırıblar.
Etiraz Taylerin Konqresin ABŞ Bankının yenidən yaradılması ilə bağlı ikinci cəhdinə veto qoymasından sonra baş verib. Nümayişçilərin əsas hissəsini Taylerin öz siyasi partiyası olan viqlərin üzvləri təşkil edib. Həmin dövrdə viqlər Konqresdə üstün mövqedə idi.
ABŞ-da ilk federal bank 1791-ci ildə Aleksandr Hamiltonun təşəbbüsü ilə yaradılıb və federal vəsaitlərin saxlanılması, eləcə də pul emissiyası funksiyalarını yerinə yetirib. Lakin prezident Tomas Cefferson milli bankı konstitusiyaya zidd hesab edib. Bankın nizamnaməsinin müddəti 1811-ci ildə başa çatıb. İkinci ABŞ Bankı isə 1819-cu ildə yaradılıb, lakin onun yenidən fəaliyyət müddətinin uzadılması ilə bağlı cəhdlər sonrakı illərdə prezidentlər Endryu Cekson və Martin Van Buren tərəfindən rədd edilib.
Tayler prezident olmamışdan əvvəl Ceksonun bankla bağlı siyasətini icra hakimiyyətindən sui-istifadə kimi qiymətləndirirdi. Lakin 1841-ci ildə prezident olduqdan sonra ölkədə valyuta dəyərinin kəskin dəyişməsi və bank fırıldaqları fonunda mövqeyini dəyişərək ABŞ Bankının ştatların hüquqları üçün təhlükə yaratdığını bildirib.
Taylerin veto qərarı yayıldıqdan sonra qəzəblənən etirazçılar Kapitolidən Ağ Ev istiqamətində yürüş edib, binaya daş atıb, havaya atəş açıb və prezidentin müqəvvasını asaraq yandırıblar. Hadisə Ağ Ev yaxınlığında keçirilmiş ən zorakı etirazlardan biri hesab olunur. İğtişaşlardan sonra Kolumbiya dairəsində ayrıca polis qüvvəsinin yaradılmasına qərar verilib.