BAKI,VOA
Türkiyədə Yüksək Hərbi Şuranın (YAŞ) növbəti iclası avqustun 4-də Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Prezident Kompleksində keçiriləcək. İclasda Türkiyə Silahlı Qüvvələrində (TSQ) rütbə yüksəlişləri, yeni təyinatlar və təqaüdə göndərilmələrlə bağlı mühüm qərarların qəbul ediləcəyi gözlənilir.
YAŞ iclasında 332 general və admiralın xidməti fəaliyyəti ilə bağlı məsələlər, eləcə də generalların, admiralların və polkovniklərin xidmət müddətinə dair sənədlər müzakirə olunacaq.
İclas Yüksək Hərbi Şura üzvlərinin Anıtkabiri ziyarət etməsindən sonra başlayacaq. Bu dəfə Ədliyyə naziri Akın Gürlək, daxili işlər naziri Mustafa Çiftçi və Quru Qoşunlarının komandanı, ordu generalı Metin Tokel ilk dəfə YAŞ iclasında iştirak edəcəklər.
Şuranın tərkibinə, həmçinin vitse-prezident Cevdet Yılmaz, milli müdafiə naziri Yaşar Gülər, xarici işlər naziri Hakan Fidan, maliyyə naziri Mehmet Şimşek, milli təhsil naziri Yusuf Tekin, Baş Qərargah rəisi, ordu generalı Selçuk Bayraktaroğlu, Hərbi Dəniz Qüvvələrinin komandanı admiral Ercüment Tatlıoğlu, Hərbi Hava Qüvvələrinin komandanı ordu generalı Ziya Cemal Kadıoğlu və digər yüksək vəzifəli şəxslər daxildir.
İclasda polkovniklərin general və admiral rütbəsinə yüksəldilməsi, generallar və admirallar arasında növbəti ali rütbələrin verilməsi, yaş həddi və ştat məhdudiyyətləri səbəbindən ehtiyata buraxılacaq hərbi qulluqçuların müəyyənləşdirilməsi nəzərdən keçiriləcək.
Bununla yanaşı, qoşun növlərinin komandanlıqlarında mümkün kadr dəyişikliklərinin də müzakirə ediləcəyi gözlənilir.
Hazırda Baş Qərargah rəisi Selçuk Bayraktaroğlu və Quru Qoşunlarının komandanı Metin Tokelin səlahiyyət müddəti davam edir.
Səlahiyyət müddəti başa çatan Hərbi Dəniz Qüvvələrinin komandanı Ercüment Tatlıoğlu və Hərbi Hava Qüvvələrinin komandanı Ziya Cemal Kadıoğlunun vəzifədə qalma müddətinin uzadılacağı ehtimal olunur. Əks halda, Hərbi Dəniz Qüvvələrinə Donanma komandanı admiral Kadir Yıldızın, Hərbi Hava Qüvvələrinə isə Döyüş Hava Qüvvələrinin komandanı, ordu generalı Rafet Dalkıranın təyin oluna biləcəyi bildirilir.
Bundan əlavə, Quru Qoşunlarından general-leytenant Zorlu Topaloğlu, Hərbi Hava Qüvvələrindən general-leytenantlar İsmayıl Günaydın, Erdoğan Gür və İsmayıl Ünerin daha yüksək rütbəyə yüksəldilməsi məsələsinin də YAŞ iclasında qiymətləndiriləcəyi gözlənilir.
Yüksək Hərbi Şuranın qəbul etdiyi qərarlar Prezident Rəcəb Tayyib Ərdoğanın təsdiqindən sonra ictimaiyyətə açıqlanacaq.