BAKI,VOA, Fərid Mikayılov
İranın mərhum ali dini lideri Əli Xameneinin hərbi müşaviri Möhsün Rzayi bildirib ki, Kiyevin üzr istəməsindən sonra İran Ukraynaya zərbə endirmək planından imtina edib.
VOA xəbər verir ki, Rzayi dövlət televiziyasına açıqlamasında deyib ki, İran Silahlı Qüvvələri Xəzər dənizində İran gəmisinə iyulun 25-də edilən hücuma cavab olaraq Ukraynadakı üç hədəfə zərbə endirmək üçün hazırlıqları tamamlamışdı.
Onun sözlərinə görə, Ukrayna hökumətinin rəsmi üzrxahlığından sonra əməliyyat ləğv edilib.
Rzayi, həmçinin bildirib ki, İran Hörmüz boğazında ölkənin müəyyən etdiyi marşrutdan kənar heç bir gəmiçiliyə icazə verməyəcək.
O vurğulayıb ki, "qanunsuz marşrut"dan istifadə etməyə çalışan istənilən düşmən hərbi gəmisi hədəfə alınacaq.
Xatırladaq ki, İran rəsmilərinin məlumatına görə, iyulun 25-də Xəzər dənizində İranın ticarət gəmisinə edilən hücum nəticəsində ekipaj üzvlərindən biri həlak olub, daha biri yaralanıb.
İranın xarici işlər naziri Abbas Əraqçi isə daha əvvəl Ukraynanın xarici işlər naziri Andriy Sibiha tərəfindən hücumun qəsdən törədilmədiyi və Kiyevin gərginliyin artmasını istəmədiyi barədə təminat aldığını açıqlamışdı.