BAKI,VOA Orxan Qədirzadə
Türkiyədə ali təhsil sistemi süni intellekt dövrünün tələblərinə uyğun yeni mərhələyə qədəm qoyur. Ölkənin Ali Təhsil Şurasının qəbul etdiyi "Mikroixtisaslar Çərçivəsi" universitetlərin yalnız bilik istehsal edən qurum deyil, həm də müxtəlif mənbələrdə əldə olunan bilik və bacarıqları tanıyan çevik təhsil mərkəzinə çevrilməsini hədəfləyir.
Müasir dövrdə bilik istehsalı əvvəlki kimi yalnız universitetlərin divarları daxilində baş vermir. Rəqəmsal texnologiyalar, xüsusilə süni intellektin sürətli inkişafı nəticəsində texnologiya akademiyaları, tədqiqat mərkəzləri, sahə üzrə təlim proqramları, açıq mənbəli layihələr və rəqəmsal təhsil platformaları qlobal bilik istehsalının əsas iştirakçılarına çevrilib. Bu səbəbdən universitetlərin cəmiyyətdəki rolu da yenidən müəyyənləşdirilir.
Ali Təhsil Şurasının sədri Ərrol Özvarın açıqladığı yeni qaydalara əsasən, tələbələr gələcəkdə məzun olmaq üçün tələb olunan kreditlərin 10 faizədək hissəsini universitetdən kənarda qazandıqları bilik və bacarıqlar hesabına əldə edə biləcəklər. Texnologiya akademiyalarında, elmi-tədqiqat müəssisələrində, peşə hazırlığı proqramlarında və rəqəmsal təhsil platformalarında mənimsənilən bacarıqlar universitetlərin müəyyən etdiyi akademik meyarlara uyğun qiymətləndiriləcək.
Qəbul edilən sistem çərçivəsində tələbələrin əldə etdikləri nailiyyətlər beynəlxalq standartlara uyğun rəqəmsal sertifikatlar və elektron nişanlarla təsdiqlənəcək. Həmin məlumatlar tələbənin akademik qeydiyyatına və diplom əlavəsinə daxil ediləcək.
İlk baxışdan texniki dəyişiklik kimi görünən bu qərar əslində ali təhsilin fəlsəfəsinə təsir edən mühüm addım hesab olunur. Çünki bu yanaşma universitetlərin yalnız öz daxilində formalaşan bilikləri deyil, müxtəlif platformalarda qazanılmış peşəkar bacarıqları da akademik sistemə inteqrasiya etməsini nəzərdə tutur. Bununla yanaşı, yeni modelin uğuru universitetlərin bu yanaşmanı praktikada necə tətbiq etməsindən və keyfiyyət standartlarını hansı səviyyədə qorumasından asılı olacaq.
Türkiyədə ali təhsil sistemi indiyədək müxtəlif islahatlar mərhələsindən keçib. Universitet muxtariyyəti, mərkəzləşdirilmiş idarəetmə, Avropa Ali Təhsil Məkanının tələblərinə uyğun islahatlar, kredit sistemi və universitetlərin sayının artırılması uzun illər əsas müzakirə mövzuları olub. Lakin bütün bu dəyişikliklər universiteti bilik istehsalının yeganə qanuni məkanı kimi qəbul edən yanaşmaya əsaslanırdı.
Yeni qərar isə bu ənənəvi baxışın dəyişməyə başladığını göstərir.
Müasir universitet modeli sənaye cəmiyyətinin ehtiyaclarına uyğun formalaşdırılmışdı. Standart tədris proqramları, vahid diplom sistemi və müəyyən peşələr üçün mütəxəssis hazırlığı bu modelin əsasını təşkil edirdi. Tələbə universitetə daxil olur, dörd və ya beş il eyni proqram üzrə təhsil alır, daha sonra əldə etdiyi biliklərlə uzun illər əmək fəaliyyətini davam etdirirdi.
Lakin iqtisadiyyat və texnologiyada baş verən sürətli dəyişikliklər bu modeli ciddi şəkildə sarsıdıb. Bir çox sahədə biliklərin yenilənmə sürəti universitet proqramlarının yenilənməsindən daha yüksəkdir. Hüquq, mühəndislik, mühasibat uçotu, jurnalistika, tibb, memarlıq və digər istiqamətlərdə yeni biliklər o qədər sürətlə yaranır ki, bəzən universitet yeni fənn hazırlayana qədər həmin sahədə artıq tamamilə yeni mərhələ başlayır.
Bununla yanaşı, müasir dövrdə dünyanın ən uğurlu proqram təminatı hazırlayan mütəxəssislərinin, məlumat elmi üzrə ekspertlərin və süni intellekt mütəxəssislərinin əhəmiyyətli hissəsi klassik universitet modeli çərçivəsində formalaşmayıb. Açıq mənbə layihələri, texnologiya şirkətləri, elmi laboratoriyalar və rəqəmsal öyrənmə şəbəkələri bu gün bilik istehsalının ən dinamik mərkəzləri sırasında yer alır.
Bu baxımdan Ali Təhsil Şurasının təsdiqlədiyi mikroixtisas sistemi universitetlərin ilk dəfə olaraq öz divarlarından kənarda qazanılan bilik və bacarıqları akademik çərçivədə rəsmi şəkildə tanımağa hazırlaşdığını nümayiş etdirir. Bu, universitetlərin elmi nüfuzundan imtina etməsi deyil, həmin nüfuzun müasir dövrün reallıqlarına uyğun yenidən müəyyənləşdirilməsi kimi qiymətləndirilir.
Qərarda xüsusi diqqətin süni intellekt, məlumat elmi və rəqəmsal texnologiyalar sahələrinə yönəldilməsi təsadüfi hesab edilmir. Çünki hazırda ən sürətli dəyişiklik məhz bu istiqamətlərdə baş verir. Dördillik ali təhsil müddəti ərzində süni intellekt sahəsində bir neçə fundamental texnoloji dəyişiklik baş verə bilər. Bu səbəbdən universitetlər yalnız proqramları yeniləməklə həmin sürətə uyğunlaşa bilmirlər və mikroixtisas sistemi bu boşluğu doldurmağı hədəfləyir.
Beynəlxalq təcrübə də bu istiqamətdə mühüm dəyişikliklər göstərir. Xüsusilə Çin süni intellekt dövrünə uyğun ali təhsil modelinin qurulması istiqamətində genişmiqyaslı addımlar atır. Ölkə yalnız süni intellekt üzrə elmi araşdırmalara böyük sərmayələr yatırmır, eyni zamanda universitetlərin strukturunu da yenidən qurur. Bir sıra ənənəvi ixtisaslara yenidən baxılır, süni intellekt bilikləri müxtəlif elm sahələrinin ümumi bacarığına çevrilir. Universitetlər texnologiya şirkətləri, tədqiqat institutları və rəqəmsal təhsil platformaları ilə sıx əməkdaşlıq edir.
Bu yanaşmanın əsasında süni intellektin yalnız yeni texnologiyalar deyil, həm də yeni peşələr, yeni öyrənmə metodları və universitetlərin fəaliyyət modelini dəyişdirəcək yeni sistemlər formalaşdıracağına dair yanaşma dayanır.
Mütəxəssislər hesab edirlər ki, süni intellekt peşələrin əksəriyyətini tamamilə aradan qaldırmasa da, onların demək olar ki, hamısını yenidən formalaşdıracaq. Bir neçə il əvvəl ehtimal kimi qiymətləndirilən bu dəyişikliklər artıq real həyatın tərkib hissəsinə çevrilib. Bu gün universitetlərdə tədris olunan bir sıra biliklər tələbələr məzun olmamış köhnəlməyə başlayır.
Bu səbəbdən gələcəkdə ən qiymətli üstünlük konkret bilik ehtiyatına malik olmaq deyil, fasiləsiz öyrənmək, daim yenilənmək və dəyişən şəraitə uyğunlaşmaq bacarığı olacaq.
Yeni şərait universitetlərin də fəaliyyət fəlsəfəsini dəyişməyi tələb edir. Ali təhsil müəssisələri yalnız məlumat ötürən qurum deyil, tələbələrə doğru bilik seçmək, məlumatın etibarlılığını qiymətləndirmək, müxtəlif elm sahələri arasında əlaqə yaratmaq, tənqidi düşünmək və süni intellektdən şüurlu, səmərəli istifadə etmək bacarığı qazandıran mərkəzlərə çevrilməlidir.
Bununla yanaşı, yeni model müəyyən risklər də yaradır. Hər bir rəqəmsal sertifikat və ya internet üzərindən keçirilən təlim proqramı akademik baxımdan eyni dəyərə malik deyil. Buna görə də sistemin uğuru universitetlərin elmi keyfiyyət standartlarını necə qoruyacağından asılı olacaq. Məhz bu səbəbdən hansı proqramların akademik kredit kimi tanınacağı barədə yekun qərar universitetlərin elmi şuralarına həvalə edilir.
Beləliklə, əsas müzakirə predmeti hansı biliklərin ali təhsil səviyyəsində akademik nailiyyət hesab ediləcəyi və hansı bacarıqların rəsmi kreditə çevrilə biləcəyi məsələsi olacaq. Bu suallara veriləcək cavablar yeni sistemin gələcək uğurunu müəyyənləşdirəcək.
Mütəxəssislərin qənaətinə görə, Türkiyə uzun illər ali təhsilə çıxış imkanlarının genişləndirilməsi və universitetlərin sayının artırılması məsələlərini müzakirə etdiyi halda, artıq təhsilin keyfiyyəti və bilik anlayışının mahiyyəti üzərində düşünməyə başlayıb. Bu isə ali təhsil siyasətində mühüm düşüncə dəyişikliyi kimi qiymətləndirilir.
Ali Təhsil Şurasının həyata keçirdiyi yeni islahat ali təhsil sistemində mövcud bütün problemləri birdəfəlik həll etməsə də, ölkənin süni intellekt dövrünün yaratdığı çağırışları qəbul etdiyini nümayiş etdirir. Burada məqsəd yalnız universitetdən kənarda keçirilən kursların akademik qeydiyyata daxil edilməsi deyil, süni intellekt dövrünün tələblərinə uyğun yeni universitet modelinin formalaşdırılmasıdır.
Bu yanaşmaya əsasən, biliklərin yalnız universitet divarları daxilində yarandığını qəbul edən ali təhsil müəssisələrinin gələcəkdə qapalı sistemə çevrilmək riski artır. Əksinə, missiyasını və fəaliyyət modelini müasir dövrün tələblərinə uyğun yenidən müəyyənləşdirən universitetlərin inkişafını davam etdirmək imkanları daha yüksək qiymətləndirilir.