Bakı Qızlar Universitetinin fəaliyyətinin dayandırılması ilə əlaqədar tələbələrin digər ali təhsil müəssisələrinə köçürülməsi prosesinə başlanılıb. 2026/2027-ci tədris ili üzrə universitetə yeni qəbul aparılmayacaq. Hazırda universitetdə 1568 tələbə təhsil alır və onların digər özəl ali məktəblərə köçürülməsi nəzərdə tutulur. Nazirlik bildirib ki, verilmiş diplomların hüquqi qüvvəsi dəyişməyəcək və bu ilki məzunlara diplomlar təqdim olunacaq. Universitetin əməkdaşlarının məşğulluğunun təmin olunması istiqamətində də tədbirlər görüləcək. Proseslə bağlı ictimaiyyətə mütəmadi məlumat veriləcək.
#Ali təhsil
Bakı Qızlar Universiteti akkreditasiyadan keçə bilməyib. VOA xəbər verir ki, Akkreditasiya Şurası ali təhsil müəssisəsinin institusional və proqram akkreditasiyasını "uyğun deyil" kimi qiymətləndirib. Qiymətləndirmə zamanı dövlət təhsil standartları və keyfiyyət təminatı tələbləri üzrə ciddi uyğunsuzluqlar aşkarlanıb. Bunun əsasında Elm və Təhsil Nazirliyi universitetin fəaliyyətinin dayandırılması ilə bağlı hüquqi prosedurlara başlayıb. İqtisadiyyat Nazirliyi isə universitetə verilmiş lisenziyanı ləğv edib. Nazirlik tələbələrin təhsilinin yarımçıq qalmayacağını və onların digər ali təhsil müəssisələrinə köçürüləcəyini açıqlayıb. Rəsmi qurum akkreditasiyanın əsas məqsədinin ali təhsildə keyfiyyətin təmin olunması və tələbələrin hüquqlarının qorunması olduğunu vurğulayıb.
Türkiyədə ali təhsil sistemi süni intellekt dövrünün tələblərinə uyğun yeni mərhələyə qədəm qoyur. Ölkənin Ali Təhsil Şurasının qəbul etdiyi "Mikroixtisaslar Çərçivəsi" universitetlərin yalnız bilik istehsal edən qurum deyil, həm də müxtəlif mənbələrdə əldə olunan bilik və bacarıqları tanıyan çevik təhsil mərkəzinə çevrilməsini hədəfləyir.