BAKI, VOA, Orxan Qədirzadə
Türkiyənin Xarici İşlər Nazirliyi İsrailin Livan ərazisinə qarşı həyata keçirdiyi hücumları qətiyyətlə pislədiyini açıqlayıb.
VOA xəbər verir ki, Türkiyə Xarici İşlər Nazirliyinin yaydığı rəsmi bəyanatda qeyd olunur ki, Livan ərazisinə endirilən zərbələr beynəlxalq humanitar hüququn kobud şəkildə pozulmasıdır və bu hücumlar ölkədə genişmiqyaslı əhali köçünə səbəb olub.
Bəyanatda bildirilir ki, İsrailin həyata keçirdiyi hərbi əməliyyatlar regionda onsuz da gərgin olan vəziyyəti daha da dərinləşdirir və Yaxın Şərqdə sabitliyə ciddi təhlükə yaradır.
Türkiyə diplomatiyası hesab edir ki, Tel-Əvivin bu addımlarının arxasında regionda qeyri-sabitliyi daha da artırmaq niyyəti dayanır. Nazirliyin açıqlamasında vurğulanır ki, beynəlxalq ictimaiyyət Livanda baş verən hadisələrin daha da genişlənməsinə imkan verməməlidir.
Bəyanatda həmçinin qeyd olunur ki, Livanda baş verənlər İsrail hökumətinin Qəzza zolağında həyata keçirdiyi dağıdıcı siyasətlə oxşarlıq təşkil edir və bu cür ssenarinin təkrarlanması region üçün ciddi təhlükə yarada bilər.
Türkiyə Xarici İşlər Nazirliyi Livanın suverenliyi və ərazi bütövlüyünün qorunmasına dəstək verdiyini bir daha təsdiqləyib.
Rəsmi Ankara bildirib ki, Türkiyə Livan xalqı və ölkənin rəsmi hakimiyyəti ilə həmrəyliyini davam etdirəcək və Livanın ərazi bütövlüyünə təhlükə yaradan hücumlara qarşı dəstəyini əsirgəməyəcək.