Bakı, AzerVoice
Gəmi və yaxta sektorunun ixracı bu ilin ilk yarısında 2023-cü ilin eyni dövrü ilə müqayisədə 36,8 faiz artaraq 923 milyon 516 min dollara çatıb.
AzerVoice bu barədə Türkiyə İxracatçılar Məclisinə istinadən məlumat verir.
Məlumata görə, Türkiyənin ixracatı 2024-cü ilin ilk yarısında keçən ilin eyni dövrü ilə müqayisədə 2 faiz artaraq 125,4 milyard dollar olub.
İlin ilk yarısında ən çox gəmi və yaxta ixrac edən şəhər 485 milyon 410 min dollarla İstanbul olub. Siyahını müvafiq olaraq Yalova, Izmir və Bursa izləyib.
Bu dövrdə gəmi və yaxta sektoru üzrə ən çox satış edilən ölkə isə Norveç olub. Belə ki, ilin ilk yarısında Norveçə 147 milyon 562 min dollarlıq ixrac həyata keçirilib. Norveçdən sonra ardıcıl olaraq Marşal Adaları, Almaniya, Yunanıstan və İtaliya gəlir.
Sektorun ixracat həcminin ölkələrə görə dəyişməsində isə ən yüksək miqdarda artım Braziliyada qeydə alınıb. Əsas hissəni gəmi ixracı təşkil etsə də, sözügedən dövrdə həmçinin ehtiyat gəmi hissələri, dəniz tankerləri, gəmi sənaye məhsulları ixracı da həyata keçirilib.
Gəmi, Yaxta və Xidmət İxracatçıları Birliyinin sədri Cem Seven, bu ilin ilk altı ayının hesabatında keçən ilin eyni periodu ilə müqayisədə irəliləyiş olduğunu bildirib.
“Keçmiş sifarişlərə əsaslanaraq deyə bilərik ki, ilin sonunda 1,8 milyard dollardan 1,9 milyard dollara qədər ixrac hədəfimizə çatacağıq” - deyə Seven qeyd edib.