Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Bioqrafiya: Tanınmış simalar
    Bioqrafiya: Tanınmış simalar

    Seyid Cəmaləddin Əfqani: XIX əsr İslam dünyasının düşüncə və siyasət xəritəsi

    7 İyun 2026 13:04
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Seyid Cəmaləddin Əfqani: XIX əsr İslam dünyasının düşüncə və siyasət xəritəsi
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,VOA

    XIX əsr İslam dünyasının həm düşüncə, həm də siyasi həyatında silinmez izlər qoymuş Seyid Cəmaləddin Əfqaninin həyat hekayəsi, Amerikadan İngiltərəyə, Misirdən Hindistana qədər uzanan çox hərəkətli bir ömrün salnaməsidir. Onun fəaliyyəti, qarışdığı hadisələr və yetişdirdiyi tələbələr bu gün də qlobal miqyasda tədqiq olunur. Bununla belə, onun şəxsiyyəti və mənşəyi ətrafında hələ də tam aydınlaşdırılmamış və elmi mübahisələrə səbəb olan məqamlar mövcuddur.

    Mənşəyi, doğulduğu yer və məzhəb mübahisələri

    Bütün tarixi mənbələr Əfqaninin 1838-ci ilin noyabr ayında doğulduğu barədə həmfikirdirlər. Lakin onun məhz harada dünyaya gəlməsi məsələsi həm milliyyəti, həm də məzhəbi ilə birbaşa bağlı olduğundan uzunmüddətli müzakirələrə yol açmışdır.

    Onun İranın Həmədan şəhəri yaxınlığındakı Əsədabad qəsəbəsində doğulduğunu, dolayısı ilə İran mənşəli bir şiə olduğunu iddia edənlər müəyyən sənədlərə istinad edirlər. Bu iddiaya görə, Əfqaninin fəlsəfə və məntiq elmlərinə xüsusi önəm verməsi, fars dilini tələffüz forması və bəzi arxiv qeydləri onun iranlı olduğunu göstərir. Qərb tədqiqatçılarından Nikki Keddi, Huma Pakdamen və bəzi Şərq tarixçiləri bu fikrin üzərində dayanırlar.

    Digər tərəfdən, onun Əfqanıstanın Kabil şəhəri yaxınlığındakı Kunər qəsəbəsinin Əsədabad kəndində doğulduğunu, xalis sünni olduğunu müdafiə edən digər bir güclü elmi cəbhə mövcuddur. Bu qrupun başında Əfqaninin ən yaxın tələbəsi Məhəmməd Əbduh, Əmir Şekib Arslan, Rəşid Rza, Corci Zeydan və Abbas Mahmud əl-Əqqad kimi nəhəng simalar dayanır. Onlar Əfqaninin öz yazılı bəyanatlarında Əfqanıstanlı olduğunu açıqca bildirməsini, Əfqanıstan tarixinə dair xüsusi kitab qələmə almasını və bu ölkədəki qohumluq əlaqələrini dəlil gətirirlər.

    Həyatı və düşüncəsi - Məhəmməd Rəşid Rza kimdir? Həyatı və düşüncəsi - Məhəmməd Rəşid Rza kimdir?

    Azərbaycan tarixşünaslığı baxımından ən maraqlı məqamlardan biri isə Əfqaninin mütəfəkkir Əhməd bəy Ağaoğluna şəxsən etdiyi bu açıqlamadır: "Mənim anam və atam əslən Marağalıdırlar (Cənubi Azərbaycan), lakin sonradan Həmədana gəlmişlər, mən Həmədana doğuldum. Mən hələ südəmər körpə ikən atamın işləri pozulduğu üçün Əfqanıstana hicrət etmək məcburiyyətində qaldıq". Bu rəvayət onun etnik baxımdan bir Azərbaycan türkü olduğunu və Hüseyni nisbəsinin isə seyyid kökündən gəldiyini ortaya qoyur.

    İlk təhsili, Hindistan səfəri və Əfqanıstan dövrü

    Əfqani on səkkiz yaşına qədər Kabildə yaşamış, ilk elmi biliklərini dərindən savadlı bir şəxs olan atasından almışdır. O, dövrün tanınmış alimlərindən dil, tarix, ilahiyyat, fəlsəfə, riyaziyyat, tibb və siyasət dərsləri almışdır. Sonradan dünyagörüşünü və təhsilini daha da inkişaf etdirmək məqsədilə Hindistana yollanmışdır. Hindistanda qaldığı iki ilə yaxın müddətdə o, Avropa elmi və ədəbiyyatı ilə yaxından tanış olmuşdur. İslam dünyasında görmək istədiyi daxili islahat düşüncələri məhz Hindistan mühitində daha da netləşmiş və güc qazanmışdır.

    Hindistandan sonra Həcc ziyarətinə çıxan Əfqani, yolüstü bir çox İslam ölkəsinə uğramış, müxtəlif təbəqələrdən olan insanlarla görüşmüş və 1857-ci ildə Məkkəyə çataraq dini vəzifəsini yerinə yetirmişdir. Müəlliflərin fikrincə, onun beynində Hərəmeyn (Məkkə və Mədinə) mərkəzli qlobal bir İslam birliyi ideyası məhz bu səyahət zamanı filizlənmişdir. Səfərdən sonra Əfqanıstana qayıdan mütəfəkkir, Dost Məhəmməd Xanın rəhbərliyi dövründə dövlət xidmətinə qəbul edilmişdir. Məhəmməd Xanın ölümündən sonra başlayan taxt-tac davasında Əfqaninin dəstəklədiyi Məhəmməd Əzəm Xan qalib gəlmiş və Əfqanini özünə baş vəzir (baş nazir) təyin etmişdir.

    Lakin Məhəmməd Əzəmin müstəmləkəçilik əleyhinə siyasətini öz planlarına uyğun hesab etməyən ingilislər, onun rəqibi Şir Əliyə böyük maliyyə və silah dəstəyi verərək hakimiyyəti devirdilər. Bununla da Əfqanıstanda ingilis təsiri gücləndi və Əfqani ölkəni tərk etməli oldu.

    Hindistandan qovulma və İstanbulda ilk elmi böhran (1870)

    Əfqanıstanı tərk etdikdən sonra ingilislərin diqqətini çəkməmək üçün Hindistana sadə bir tacir kimi girmək istəsə də, ingilis rəhbərliyi onun planını anladı. Xalqın ona göstərdiyi böyük kütləvi maraqdan narahat olan ingilis administrasiyası Əfqanidən ölkəni dərhal tərk etməsini tələb etdi. Sərhəddən çıxarılarkən Əfqani Hindistan xalqını cəsarətləndirmək üçün bu məşhur sözləri söylədi: "Ey müsəlmanlar! Siz insan deyil, sadəcə milçək olsaydınız belə, vızıltınız ingilislərin qulaqlarını kar edərdi! Ey hindlilər! Əgər siz su tısbağası olsaydınız, birləşib İngiltərə adasını yerindən qopardıb dənizin dibinə batırardınız!".

    1870-ci ilin əvvəllərində Mısır vasitəsilə İstanbula gələn Əfqani burada böyük dövlət rəsmiləri, ziyalılar və gənclər tərəfindən rəğbətlə qarşılandı. Sədrəzəm Əli Paşa başda olmaqla bir çox nazirlərlə əlaqə qurdu, Maarif Məclisinə üzv seçildi. 20 fevral 1870-ci ildə Darülfünunun (Universitetin) rəsmi açılışında ərəb dilində böyük bir nitq söylədi. Lakin mədrəsə üləması universitet mühitinə çox soyuq baxırdı. Dövrün Şeyxülislamı Həsən Fəhmi Əfəndi, Əfqaninin yenilikçi fikirlərinə görə ona qarşı düşmənçilik bəsləyirdi.

    Ramazan ayında keçirilən xalqa açıq konfransların birində Əfqaninin cəmiyyəti canlı bir bədənə bənzədərək fəlsəfə və peyğəmbərliyi (nübüvvəti) də bu bədəni yaşadan mənəvi sənətlər (sahələr) içərisində sayması mühafizəkarlara gözlədikləri fürsəti verdi. Müxaliflər onun sözlərini təhrif edərək "peyğəmbərliyi sadə bir sənət hesab etdi" deyə şayiə yaydılar və Şeyxülislam onun kafir olduğu barədə fətva (təkfir) verdi.
    Məscidlərdə xalqın təhrik edilməsi və böyük iğtişaş təhlükəsi qarşısında Sədrəzəm Əli Paşa fitnəni yatırtmaq üçün Darülfünun müdirini işdən çıxardı və Əfqaninin İstanbuldan göndərilməsinə qərar verdi. Əfqani İstanbulu tərk edərkən dövlət və din münasibətləri barədə bu mühüm sözləri dedi: "Millətlər dinsiz də, dövlətsiz də ayaqda dura bilməz. Lakin din xurafələrlə, dövlət isə idarəçilərin istibdadı (zülmü) ilə korlana bilər; bu halda mütləq islahat lazımdır".

    Misir dövrü (1871-1879) və "Milli Lojalar" vasitəsilə oyanış

    1871-ci ildə Qahirəyə gedən Əfqani, Misir Baş vəziri Riyad Paşanın dəvəti və ona maaş bağlanması ilə burada 8 il qaldı. O, dərslərini Əzhər məscidində deyil, öz evində və ictimai qiraətxanalarda verirdi. Onun elmi söhbətləri qısa zamanda siyasi xarakter almağa başladı. Dövrün Misir hakimi İsmayıl Paşanın israfçı, zalım siyasəti ölkəni borc bataqlığına saldığı və müstəmləkəçilərin qarşısında aciz qoyduğu üçün Əfqani ona qarşı sərt müxalifət cəbhəsi qurdu.

    Siyasi təsirini artırmaq üçün Əfqani əvvəlcə ingilis İskoç mason lojasına daxil oldu, lakin bu lojanın siyasi məsələlərdən uzaq durmaq istəməsi üzündən oradan xaric edildi. Bundan sonra o, Fransa Şərq Lojasına bağlı tamamilə yerli və milli bir loja təsis etdi. Bu lojaya Misirin ən nüfuzlu dövlət adamları, alimləri və ziyalıları daxil oldular. Əfqaninin təklifi ilə lojada Misir hökumətinin hər bir nazirliyini təftiş edən xüsusi şöbələr yaradıldı. Hökumətin səhvləri, korrupsiya halları mətbuat vasitəsilə xalqa çatdırılırdı.

    Misirdə ingilis konsulluqları Əfqaninin bu fəaliyyətindən vahiməyə düşərək Misirə təzyiq göstərdilər. 26 avqust 1879-cu ildə dərc olunan rəsmi dövlət bəyanatı ilə Əfqaninin gəncləri zəhərləyən gizli cəmiyyətin rəhbəri olduğu iddia edildi, xalqın onunla təması qadağan olundu və o, Misirdən sürgün edildi. Lakin onun Misirdə buraxdığı gənc tələbə ordusu gələcəkdə ingilis işğalına qarşı baş verəcək məşhur Urabi Paşa xalq hərəkatının intellektual əsasını formalaşdırdı.

    Paris illəri və "əl-Urvətül-vüsqa" hərəkatı

    Hindistandan sonra Avropaya, xüsusən də Parisə keçən Əfqani (1883), burada öz fəaliyyət coğrafiyasını bütün İslam dünyasını əhatə edəcək şəkildə genişləndirdi. O, Parisdə olduğu müddətdə İslam ölkələrinin ortaq müstəmləkəçilik problemlərinə qarşı vahid cəbhə yaratmaq idealı ilə yaşayırdı. Bu məqsədlə Misirdən ən sadiq tələbəsi Məhəmməd Əbduhu Parisə dəvət etdi.

    Onlar birlikdə "əl-Urvətül-vüsqa" (Möhkəm bağ) adlı gizli bir cəmiyyət və eyniadlı beynəlxalq qəzet təsis etdilər. Qəzet "azad bir ölkədə, ən şərəfli dildə (Quran dilində)" nəşr olunmağa başladı. Cəmiyyətin əsas məqsədi müsəlmanları qəflət yuxusundan oyatmaq, Şərqi müstəmləkəçilərdən xilas etmək və İslami dəyərləri qorumaqla müasir islahatlar aparmaq idi. Cəmiyyətə daxil olanlar Qurana sadiq qalacaqlarına və İslam qardaşlığını yayacaqlarına and içirdilər.

    Qəzet pulsuz paylanırdı və İslam dünyasında, xüsusən də ingilis müstəmləkəsi olan Hindistan və Misirdə böyük inqilabi dalğa yaratdı. İngiltərə hökuməti qəzetin öz müstəmləkələrinə girişini qadağan etdi, onu oxuyanlar və evində saxlayanlar üçün ağır pul və həbs cəzaları tətbiq etdi. Ağır təzyiqlər nəticəsində qəzet cəmi 18 sayı nəşr olunduqdan sonra (1884-cü ilin oktyabrında) bağlandı. Lakin bu azsaylı nəşrlər İslam dünyasında müasir anti-imperialist hərəkatın manifestinə çevrildi.

    Rusiyadakı fəaliyyətlər və İrana ikinci qayıdış

    Parisdən sonra Əfqani 1886-1889-cu illərdə Rusiyada yaşadı. Onun Rusiyadakı fəaliyyətinin əsas məqsədi çar rəhbərliyini ingilislərin Hindistandakı hakimiyyətinə son qoymaq üçün hərbi səfərə təşvik etmək idi. O, Rusiyanın idarəçiliyi altında yaşayan 30 milyonluq müsəlman əhalinin hüquqlarını müdafiə etdi, çardan Quranın və digər dini kitabların kütləvi çapı üçün rəsmi icazə aldı.

    Daha sonra Münhendə İran şahı Nasirəddin ilə qarşılaşdı. Şah onu ölkəni idarə etmək üçün İrana dəvət etdi. İrana gələn Əfqani şahın idarəçiliyini, xalqa azadlıq verilməməsini və xarici şirkətlərə verilən iqtisadi imtiyazları sərt tənqid etdiyi üçün yenidən təqibə məruz qaldı. O, toxunulmazlığı olan Şah Əbdüləzim türbəsinə sığındı və oradan xalqa müraciətlərini davam etdirdi. Şah qanunları tapdalayaraq bir dəstə əsgərlə onu çətin qış şəraitində oradan çıxartdı və Bəsrəyə sürgün etdi. Bəsrədə müalicə olunan Əfqani, İran ruhaniləri ilə əlaqə saxlayaraq şahın ingilislərə verdiyi "tütün imtiyazı"na qarşı böyük xalq üsyanının (Tütün boykotunun) təşkilatçısı oldu.

    Sultan II Əbdülhəmidin dəvəti və İstanbulda son illər (1892-1897)

    Sultan II Əbdülhəmid Əfqaninin İslam dünyasındakı böyük nüfuzunu, xüsusilə Hindistan, Əfqanıstan və İran müsəlmanları üzərindəki təsirini nəzərə alaraq onu London səfiri vasitəsilə rəsmi olaraq İstanbula dəvət etdi. 1892-ci ildə İstanbula gələn Əfqaniyə Teşvikiyədə xüsusi malikanə və yüksək maaş təsis edildi.

    Sultanın istəyi ilə Əfqani Şiə-Sünni yaxınlaşması və qlobal İslam birliyinin qurulması yolları barədə geniş dövlət hesabatı (raport) hazırladı. Bu məqsədlə İstanbulda xüsusi bir komitet quruldu. Əfqaninin rəhbərliyi ilə bütün İslam coğrafiyasına, xüsusən də şiə üləmasına 600-dən çox məktub göndərildi və onlardan müsbət cavablar alındı.

    Lakin bu fəaliyyətdən narahat olan ingilislərin Sultana diplomatik təzyiqləri, Əfqaninin yenilikçi Jön Türklərlə gizli təmasları və 1896-cı ildə İran şahı Nasirəddinin Əfqaninin bir tələbəsi tərəfindən öldürülməsi İstanbuldakı vəziyyəti tamamilə dəyişdi. Şahın qətlindən sonra İran hökuməti Əfqaninin onlara təhvil verilməsini tələb etsə də, Sultan II Əbdülhəmid onun "dövlət qonağı" olduğunu bildirərək bu tələbi rədd etdi. Lakin Əfqani üzərində ciddi nəzarət qoyuldu və onun ölkədən çıxmasına icazə verilmədi.

    Əfqani tutulduğu çənə xərçəngi xəstəliyindən xilas ola bilməyərək 9 mart 1897-ci ildə İstanbulda vəfat etdi və Maçkadakı Şeyxlər qəbiristanlığında dəfn olundu. 1944-cü ildə Əfqanıstan hökumətinin rəsmi müraciəti ilə onun sümükləri Kabildə onun adına ucaldılan məqbərəyə köçürüldü.

    Elmi baxışları, fəlsəfəsi və din anlayışı

    Cəmaləddin Əfqani materialist fəlsəfəyə qarşı kəskin mübarizə aparan səmimi bir müsəlman ziyalısı idi. Onun ən mühüm əsəri olan "ər-Rədd aləd-dəhriyyin" (Materializmin rəddi) Demokritdən Darvinə qədər olan maddəçi düşüncələrin cəmiyyətə və insan ruhuna vurduğu zərərləri elmi şəkildə ifşa edir. Əfqaniyə görə, din insan ruhuna üç fundamental inanc və üç əsas fəzilət (həya, əmanət və düzgünlük) bəxş edir ki, bunlarsız heç bir bəşəri mədəniyyət qurula bilməz.

    Əfqani İslam dünyasının tənəzzül (geriləmə) səbəblərini bu mühüm amillərdə görürdü:

    Xilafətin mütləqiyyətçi bir səltənətə çevrilməsi və xəlifələrin elmdən, ictihaddan uzaqlaşması.

    Müsəlmanlar arasında kor-koranə təqlidçiliyin və insanın iradəsini yox sayan yanlış "tale" (cəbr) inancının yayılması.

    Uydurma hədislərin və yad elementlərin din kitablarına daxil edilərək saf İslamın bulandırılması.

    Təhsil sisteminin müasir elmlərdən uzaq, qeyri-effektiv olması.

    O, ictihad qapısının hər zaman açıq olduğunu müdafiə edirdi. Ərəb dilini bilən, Quran və Sünnəni dərindən dərk edən hər bir savadlı müsəlman ziyalısının dövrün tələblərinə uyğun olaraq yeni dini qərarlar (ictihadlar) qəbul edə biləcəyini vurğulayırdı.

    Əfqaninin həm nəzəri, həm də praktiki ideyaları müasir İslam coğrafiyasının formalaşmasında əsas hərəkətverici qüvvə olmuşdur:

    Türkiyədə: Yeni Osmanlılar, Jön Türklər, Mehmet Emin Yurdakul, Yusuf Akçura, Əhməd bəy Ağaoğlu kimi millətçilər və Məhəmməd Akif Ərsoy, Səid Nursi, Şəmsəddin Günaltay kimi islamçılar onun yaradıcılığından dərindən bəhrələnmişlər.

    Misir və Suriyada: Onun ən böyük tələbəsi Məhəmməd Əbduh müasir islahatçılığın, Rəşid Rza isə fundamentalizmin əsasını qoydu. Misir milli azadlıq hərəkatının rəhbəri Səd Zaqlul da onun məktəbindən yetişmişdi. Suriyada isə Əbdürrəhman əl-Kəvakibi və Əmir Şekib Arslan onun ərəb dünyasındakı əsas ardıcılları oldular.

    Hindistan və Pakistanda: Onun ideyaları XX əsrin əvvəllərində Əbül-Kəlam Azadın rəhbərlik etdiyi panislamist hərəkatda alovlandı. Pakistanın mənəvi qurucusu və filosofu Məhəmməd İqbal, Əfqanini İslam tarixinin keçmişlə əlaqəni qoparmadan gələcəyi quran ən böyük alimi və rəhbəri kimi xarakterizə etmişdir.

    Cəmaləddin Əfqani İslam toplumunu modernizm adı altında Qərb imperializminin içində əritmək istəyənlərə qarşı duran, daxili mentalitetin, elmin və əxlaqın Quranın saf köklərinə qayıtmaqla yenidən qurulmasını hədəfləyən dahi bir mücəddid (yenilikçi) və böyük islahatçı idi.

    #Məkkə və Mədinə #Cəmaləddin Əfqani #Seyid Cəmaləddin Əfqani #Nikki Keddi #İslam birliyi #İttihadi-İslam #Məhəmməd Əbduh #Jön Türklər #Şiə Sünni yaxınlaşması #XIX əsr Şərq mütəfəkkirlərinin anti-imperialist hərəkatları #Cəmaləddin Əfqaninin Azərbaycan kökləri və Ağaoğlu xatirələri #Müqəddəs Roma İmperiyasından Osmanlı ittihad siyasətinə keçid #Urvətül-vüsqa cəmiyyətinin gizli nizamnaməsi və hədəfləri #İslam dünyasında materializm və təbiətçilik tənqidləri
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Səudiyyə Ərəbistanı builki Həcc mövsümünü “müstəsna uğur” adlandırdı

    30 May 2026 17:30

    Kral Salman həcc ziyarəti ilə bağlı bəyanat yayıb

    27 May 2026 21:59

    İbrahim Məqamının Sirrləri: Quranda və Tarixdə Yeri

    20 May 2026 08:47

    Qurani-Kərimdə müqəddəs şəhər: Məkkə və Bəkkə adlarının mənası

    19 May 2026 22:00

    Çətinliklərlə yetkinləşən insan: Bələd surəsinin əsas qayəsi

    19 May 2026 16:11

    Tövbə surəsi nədən bəhs edir - Niyə surəsinin başında Bəsmələ yoxdur?

    10 May 2026 22:00

    Həyatı və düşüncəsi - Məhəmməd Rəşid Rza kimdir?

    3 May 2026 12:04

    Qərb sivilizasiyası ilə əlaqələrin vacib olduğunu düşünən türk əsilli dahi Məhəmməd Abduh - fikirləri hələ də aktual olan insan

    26 Aprel 2026 12:01

    Həcc 2026: Bu qaydaları pozanları 20 min dollardan çox cərimə və deportasiya gözləyir

    19 Aprel 2026 10:00

    Səudiyyə Ərəbistanından zəvvarla tövsiyə - Bu qaydalara riayət edin

    19 Aprel 2026 00:16

    İki müqəddəs məscidi 54,5 milyon ziyarətçi və ümrə ziyarətçisi ziyarət edib

    28 Oktyabr 2025 06:25

    Dövrünün siyasi xadimi və sahəbə - Abdullah ibn Zübeyr

    14 Sentyabr 2025 15:55
    XƏBƏR LENTİ

    Prisoners - Övladını xilas etmək üçün insan nə qədər irəli gedə bilər?

    Seyid Cəmaləddin Əfqani: XIX əsr İslam dünyasının düşüncə və siyasət xəritəsi

    Müdafiə Nazirliyi həftəlik icmalı təqdim etdi

    Şeytanın gizli səltənəti: Süfli cinlər insanı aldadaraq, dindən necə çıxarır?

    Türkiyənin nəqliyyat texnologiyası uğuru - Martı necə regional nəhəngə çevrildi?

    Bir vaxtların rep ulduzu - Qaraqan, BlackBlood, Qarğa

    ABŞ və İran sülhə niyə yaxınlaşa bilmədi? 100 gündə nəticəsiz qalan danışıqların detalları

    Worldbreaker - Qlobal fəlakətin və insan iradəsinin epik dramı

    Şumer və Babil memarlığının zirvə nöqtəsi Zikkurat nədir?

    İsrailin Livanda ağ fosfordan istifadə etdiyi təsdiqlənib

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.