Bakı,
AzerVoice
Türkiyənin Nəqliyyat və İnfrastruktur Naziri Abdulkadir Uraloğlu,
16 yaşdan kiçik gənclərin sosial media istifadəsini məhdudlaşdıran
yeni tənzimləmələrin bu il ərzində tamamlanacağını açıqlayıb.
AzerVoice xəbər verir ki, Uraloğlu
əsas məqsədin, gənclərin təhsil və inkişaf prosesinə fokuslanmasını
təmin etmək və onları internetdəki potensial təhlükələrdən qorumaq
olduğunu bildirib.
"Dünya 13 və 16 yaş həddindən danışır, amma bizim əsas diqqət etdiyimiz yaş 16-dır. Biz uşaqlarımızı qorumaq refleksi ilə müəyyən addımlar atırıq. İstəyirik ki, uşaqlarımız özlərini idarə edə biləcək yaşa çatdıqdan sonra sosial mediadan istifadə etsinlər." - deyə o qeyd edib.
Belə ki, hazırda sosial media qaydalarının hazırlanmasında bir neçə nazirlik və qurum birgə çalışır. Bu prosesdə Ailə və Sosial Xidmətlər, Ədliyyə və Daxili İşlər Nazirlikləri kimi qurumlar iştirak edir. Tənzimləmənin detalları hələ açıqlanmasa da, əsas məqsəd gənclərin təhlükəsizliyini təmin etmək və sosial media istifadəsi ilə bağlı nəzarəti gücləndirməkdir.
Nazir Uraloğlu, İnformasiya Texnologiyaları və Rabitə Qurumunun (BTK) və onun tərkibində fəaliyyət göstərən Milli Kiber Hadisələrə Müdaxilə Mərkəzinin (USOM) ölkənin kibertəhlükəsizliyində əsas rol oynadığını da vurğulayaraq, Yeni Kiber Təhlükəsizlik Prezidentliyinin yaradılacağını və bu qurumun ölkədəki kibertəhlükəsizlik işlərini mərkəzləşdirəcəyini açıqlayıb.