#Özbəkistan

Azərbaycan və Özbəkistanın mərkəzi bankları arasında maliyyə texnologiyalarının inkişafı müzakirə edilib. Bu barədə Azərbaycan Mərkəzi Bankı (AMB) məlumat yayıb. Məlumata əsasən, Mərkəzi Bankın sədr müavini Vüsal Xəlilov Özbəkistan Respublikasına işgüzar səfər çərçivəsində Özbəkistan Mərkəzi Bankının sədrinin birinci müavini Nodirbek Saydullayev ilə görüşüb.

Özbəkistanın birinci xanımı Ziroatxon Mirziyoyeva Mehriban Əliyevanı ad günü münasibətilə təbrik edib. O, Azərbaycanın Birinci vitse-prezidentinə telefonla zəng edib. Ziroatxon Mirziyoyeva Mehriban Əliyevaya səmimi arzularını çatdırıb. O, bir neçə gün əvvəl Özbəkistanda keçirilən görüşlərini xoş təəssüratlarla xatırlayıb. Mehriban Əliyevanın çoxşaxəli fəaliyyəti yüksək qiymətləndirilib. Ziroatxon Mirziyoyeva onun nəcib təşəbbüslərinin dünyada böyük rəğbət qazandığını bildirib. Mehriban Əliyeva təbrikə görə təşəkkür edib. Birinci vitse-prezident Özbəkistanda göstərilən qonaqpərvərliyə görə də minnətdarlığını ifadə edib.

Özbəkistan Prezident Administrasiyasının rəhbəri Səidə Mirziyoyeva 15–17 sentyabr 2026-cı il tarixlərində Dubay Dünya Ticarət Mərkəzində keçirilməsi planlaşdırılan Ərəb Media Sammitinin ilk günündə təşkil olunacaq Hökumət Kommunikasiyaları Forumunda əsas məruzə ilə çıxış edəcək. Dubay Media Şurasının sədr müavini və idarəedici direktoru, Dubay Mətbuat Klubunun prezidenti və Ərəb Media Sammiti Təşkilat Komitəsinin sədri Mona Qanəm əl-Mərri Səidə Mirziyoyevanın sammitdə iştirakını alqışlayaraq bildirib ki, onun iştirakı sammit çərçivəsindəki müzakirələri zənginləşdirəcək, habelə regionun və onun hüdudlarından kənarın nüfuzlu liderləri arasında dialoqu, bilik mübadiləsini və əməkdaşlıq imkanlarını gücləndirəcək.

Daşkənddə IV Özbəkistan–Azərbaycan Regionlararası Forumu keçirilib. Tədbirə iki ölkədən 400-dək şirkətin nümayəndəsi qatılıb. Forumda ticarət, sərmayə, sənaye, energetika, nəqliyyat, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlıq imkanları müzakirə olunub. Orta Dəhlizin sadəcə tranzit marşrutundan əlavə dəyər yaradan iqtisadi platformaya çevrilməsi əsas hədəflərdən biri kimi göstərilib. Qarabağ və Şərqi Zəngəzurun sərmayə imkanlarına xüsusi diqqət ayrılıb. Özbəkistanın işğaldan azad edilmiş ərazilərin bərpasına verdiyi dəstək yüksək qiymətləndirilib. Forum çərçivəsində energetika, maliyyə, infrastruktur, tikinti və istehsal sahələrini əhatə edən əməkdaşlıq sənədləri mübadilə edilib. Tərəflər yeni birgə layihələrin həyata keçirilməsi və özəl sektorlar arasında əlaqələrin gücləndirilməsində maraqlı olduqlarını bildiriblər.

Azərbaycan və Özbəkistan arasında IV Regionlararası Forum çərçivəsində yeni əməkdaşlıq sənədləri imzalanıb. Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov məlumat verib. Sənədlər energetika, maliyyə, infrastruktur, tikinti və istehsal kimi prioritet sahələri əhatə edir. Məqsəd iki ölkə arasında iqtisadi əlaqələri daha da şaxələndirməkdir. Yeni razılaşmalar işgüzar birliklər arasında birbaşa əlaqələrin gücləndirilməsinə xidmət edəcək. Özəl sektorun potensialından daha geniş istifadə olunması əsas hədəflərdən biri kimi göstərilir. Tərəflər yeni birgə layihələrin həyata keçirilməsini də planlaşdırırlar. Forumun nəticələrinin Azərbaycan–Özbəkistan iqtisadi tərəfdaşlığının daha da inkişafına təkan verəcəyi gözlənilir.

Özbəkistan-Azərbaycan IV Regionlararası Forumu Daşkənddə işini başa çatdırıb, Plenar iclas çərçivəsində Özbəkistanın investisiyalar, sənaye və ticarət naziri Laziz Kudratov, Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov, iki ölkənin investisiya və ixrac agentliklərinin nümayəndələri, həmçinin Özbəkistan və Azərbaycan regionlarının nümayəndələri çıxış ediblər.

Azərbaycan və Özbəkistan Daşkənddə siyasi məsləhətləşmələrin növbəti mərhələsini keçiriblər. Danışıqlarda Azərbaycan xarici işlər nazirinin müavini Samir Şərifov və Özbəkistan xarici işlər nazirinin müavini Bobur Usmanov iştirak ediblər. Tərəflər strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin gələcək inkişafını müzakirə ediblər. Qarşıdakı yüksək səviyyəli tədbirlərə hazırlıq məsələlərinə xüsusi diqqət yetirilib. Sənaye sahəsində yeni birgə layihələrin həyata keçirilməsinin vacibliyi vurğulanıb. İkitərəfli ticarət dövriyyəsinin artırılması üçün mövcud imkanlardan daha geniş istifadə edilməsi razılaşdırılıb. Nəqliyyat, energetika, səhiyyə və mədəniyyət sahələrində əməkdaşlığın inkişafı da müzakirə olunub. Tərəflər Azərbaycan–Özbəkistan praktiki əməkdaşlığını keyfiyyətcə yeni səviyyəyə yüksəltmək niyyətlərini ifadə ediblər.