#Türk Dövlətləri Təşkilatı (TDT)

Türk Dövlətləri Təşkilatının (TDT) baş katibi Kubanıçbek Ömüraliyev İstanbulda Yaponiyanın xarici işlər nazirinin müavini Arfiya Eri ilə görüşüb. Görüş zamanı ticarət və investisiya, enerji, nəqliyyat, rəqəmsallaşma, innovasiya, yaşıl transformasiya, təhsil və xalqlar arasında əlaqələrin gücləndirilməsi istiqamətlərində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub.

Qırğızıstan Prezidenti Sadır Japarov Çolpon-Ata şəhərində Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyevi qəbul edib. Japarov iqtisadi əməkdaşlığın daha da dərinləşdirilməsinin, nəqliyyat və digər infrastruktur sahələrinin inkişaf etdirilməsinin, həmçinin birgə investisiya layihələrinin reallaşdırılmasının vacibliyini vurğulayıb.

İyunun 30-da Şuşa şəhərində keçirilən Türk Dövlətləri Təşkilatına üzv ölkələrin dini məsələlər üzrə dövlət qurumları rəhbərlərinin Birinci Görüşü başa çatıb. Görüşün yekununda qurumlar arasında əməkdaşlığın institusional əsaslarını, gələcək birgə fəaliyyət istiqamətlərini özündə əks etdirən 11 bənddən ibarət Kommünike imzalanıb.

Türkiyədə Türk Dövlətləri Təşkilatına üzv ölkələr arasında rəqəmsal iqtisadiyyat sahəsində əməkdaşlığın genişləndirilməsini nəzərdə tutan Rəqəmsal İqtisadiyyat Tərəfdaşlığı Sazişinin təsdiqi ilə bağlı qanun qüvvəyə minib. Bununla da Türkiyə saziş üzrə daxili təsdiq prosedurunu tamamlayan üçüncü ölkə olub.

Mirvoxid Əzimov Türk Dövlətləri Təşkilatının Baş katibinin müavini vəzifəsinə ikinci müddətə yenidən təyin edilib. Qərara əsasən, Mirvoxid Əzimov təşkilatın Baş katibinin müavini vəzifəsində fəaliyyətini növbəti müddətdə də davam etdirəcək. Onun yenidən təyin olunması təşkilat daxilində həyata keçirdiyi fəaliyyətə verilən yüksək qiymətləndirmə kimi dəyərləndirilir.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev həmkarı Rəcəb Tayyib Ərdoğan ilə Astanada keçirdiyi birgə mətbuat konfransında Türkiyənin son illərdə qazandığı nailiyyətləri yüksək qiymətləndirib. Tokayev Türkiyənin Ərdoğanın vizyoner təşəbbüsləri ilə həyata keçirilən islahatlar nəticəsində sabit inkişaf yolu izlədiyini bildirib. O, Türkiyənin təsirli və güclü bir dövlətə çevrildiyini qeyd edərək, qardaş ölkənin hər bir uğuruna sevindiklərini vurğulayıb.