ABŞ Prezidenti Donald Tramp Qəzza üzrə 20 maddədən ibarət geniş planını elan etdikdən bir neçə saat sonra HƏMAS-a bu planı qəbul etmək üçün üç-dörd günlük vaxt verdiyini bildirib və razılıq olmadığı təqdirdə nəticənin “çox kədərli” olacağını xəbərdarlıq edib.
#Misirin Qəzza siyasəti
Riyadda vəliəhd şahzadə, Baş nazir Məhəmməd bin Salman sədrliyi ilə keçirilən iclasda krallığın ABŞ-la əməkdaşlığa hazır olduğu vurğulanıb. Məqsəd,İsrailin Qəzzadan tam çıxışı, kifayət qədər humanitar yardımın təmin edilməsi və “iki dövlətli həll” əsasında 1967-ci sərhədləri daxilində, paytaxtı Şərqi Qüds olan müstəqil Fələstin dövlətinin yaradılmasına nail olmaqdır.
Qətər və Misirin, ABŞ Prezidenti Donald Tramp tərəfindən təqdim edilən və Qəzzada münaqişəni sonlandırmağı hədəfləyən 20 maddəlik planı HƏMAS-a çatdırdığı bildirilib. Bu barədə məlumat "El-Kahire News" telekanalına danışan, adının açıqlanmasını istəməyən misirli təhlükəsizlik mənbəsinə istinadla verilib. Məlumata görə, Trampın “Qəzza Münaqişəsini Sonlandıracaq Əhatəli Planı”, hər iki ölkə tərəfindən HƏMAS-a təqdim olunub.
Birləşmiş Millətlər Təşkilatının (BMT) Yaxın Şərq Sülh Prosesi üzrə Xüsusi Koordinatorunun müavini Ramiz Ələkbərov, Qəzzada İsrailin hərbi əməliyyatlarını tənqid edərək bölgədəki vəziyyətin əxlaqi, siyasi və hüquqi baxımdan qəbuledilməz olduğunu bəyan edib. Ramiz Ələkbərov bu fikirləri BMT Təhlükəsizlik Şurasının “Fələstin məsələsi də daxil olmaqla Yaxın Şərqdəki vəziyyət” mövzusunda keçirilən iclasında səsləndirib. “Qəzza zolağında İsrailin hərbi əməliyyatlarının intensivləşməsi məni dəhşətə salır,” – deyə Ələkbərov bildirib və əlavə edib ki, İsrailin hücumları fələstinlilərə görünməmiş miqyasda ölüm və dağıntı gətirməyə davam edir.
Avstraliya Baş naziri Entoni Albanese ölkəsinin Fələstin Dövlətini tanımaq qərarını bir daha vurğulayıb. Albanese, SBS News-ə verdiyi açıqlamada Avstraliyanın Fələstin Dövlətini tanımaq qərarına münasibət bildirib. “Dünya bu məsələdə (Fələstin Dövlətinin tanınması) açıq və böyük əksəriyyətlə mövqeyini ortaya qoyub. İnsanlar Yaxın Şərqdə sülh, atəşkəs, girovların azad edilməsini və Qəzza xalqına humanitar yardımların çatdırılmasını istəyir.”- deyə qeyd edib. Qeyd edəkk ki, Albanese-nin bu açıqlaması, İsrailin Baş naziri Benyamin Netanyahunun 25 sentyabrda beynəlxalq ictimaiyyətə meydan oxuyaraq Fələstini tanıyan Qərb ölkələrini hədəf almasından sonra gəlib.
İsrail ordusu Qəzzanın qərbində yerləşən Nasr məhəlləsindəki əl-Hılu xəstəxanasını iki dəfə artilleriya atəşinə tutub, təxminən 100 tibb işçisi və xəstənin xəstəxanada mühasirədə qaldığı bildirilib. Qəzzadakı Hökumətin Media Ofisinin rəhbəri İsmayıl əs-Səvabtə Anadolu Agentliyinə verdiyi açıqlamada bildirib ki, İsrail ordusunun top atəşi ilə hədəf aldığı əl-Hılu xəstəxanasının internet bağlantısı kəsilib və xəstəxanada qalan 100-ə yaxın tibb işçisi ilə xəstə böyük qorxu içindədir. Sağlamlıq mərkəzlərinə edilən hücumların "insanlığa qarşı cinayət və müharibə cinayəti" olduğunu vurğulayan Səvabtə əlavə edib ki, 7 oktyabr 2023-cü ildən etibarən İsrailin Qəzza Zolağına başlatdığı hücumlar nəticəsində 38 xəstəxana fəaliyyətini dayandırıb, 96 səhiyyə mərkəzi hədəf alınıb və 197 təcili yardım maşını məhv edilib.
Misir, Fələstin xalqının yerindən edilməsinə dair hər hansı ssenarini etnik təmizləmə cinayəti hesab edərək rədd edir. Misirin Xarici İşlər Naziri Bəkr Əbdülati bildirib ki, ölkəsi Fələstin xalqının zorla köçürülməsinə yönəlik hər hansı ssenarini, bunun etnik təmizləmə cinayəti təşkil etməsi səbəbilə rədd edir. Əbdülati, ABŞ-ın Nyu-York şəhərində keçirilən Birləşmiş Millətlər Təşkilatının (BMT) 80-ci Baş Assambleyasında çıxış edərək, ölkəsinin ABŞ Prezidenti Donald Trampın "sabitliyin təmin olunması, Qəzzadakı müharibənin bitməsi və əsirlərin azad olunması" istiqamətindəki vizyonunu inkişaf etdirməyə hazır olduğunu bəyan edib.
İsrailin Qəzza Zolağında həyata keçirdiyi hava və artilleriya hücumlarında 28-i Qəzza şəhərində olmaqla 33 fələstinli həlak olub.Fələstinin rəsmi xəbər agentliyi WAFA-nın məlumatına görə, Qəzza şəhərinin şərq, cənub və şimal-qərb bölgələri güclü artilleriya atəşinə tutulub, şəhər səmasında çoxlu sayda pilotsuz uçuş aparatı (PUA) müşahidə olunub. Xəstəxana mənbələrinin verdiyi məlumata əsasən, İsrailin Qəzza Bələdiyyəsinə məxsus, Firas Bazarında yerləşən və məcburi köçkünlərin sığındığı anbarları hədəfə alması nəticəsində, aralarında uşaqların da olduğu 20 nəfər həlak olub, çox sayda insan yaralanıb.
Fələstin Dövlət Başçısı Mahmud Abbas bildirib ki, İsrailin hücumları altında olan Qəzza zolağının idarə olunması və təhlükəsizliyi ilə bağlı tam məsuliyyəti daşımağa səlahiyyətli yeganə qurum Fələstin Dövlətidir. Abbas bu fikirləri Fransa və Səudiyyə Ərəbistanının təşəbbüsü ilə BMT çərçivəsində təşkil edilən “Fələstin məsələsinə həll tapılması və İki Dövlətli Həllin həyata keçirilməsi” mövzusunda keçirilən Yüksək Səviyyəli Beynəlxalq Konfransda çıxışı zamanı bildirib. ABŞ-ın Fələstin heyətinə viza verməməsi səbəbilə Abbas tədbirdə video bağlantı vasitəsilə iştirak edib və konfransda qəbul edilən sülh planını həyata keçirmək üçün ABŞ Prezidenti Donald Tramp, Səudiyyə Ərəbistanı, Fransa, Birləşmiş Millətlər Təşkilatı və digər tərəfdaşlarla əməkdaşlığa hazır olduqlarını qeyd edib.
İsrail ordusunun hücumları və blokadası altında olan Qəzzə zolağında bir uşaq xəstəxanası ilə bir göz xəstəxanasının fəaliyyətini dayandırdığı, bir səhiyyə obyektinin isə dağıldığı bildirilib.Qəzzadaki Səhiyyə Nazirliyinin verdiyi açıqlamada, İsrail ordusunun xəstəxana və səhiyyə mərkəzlərinə qarşı qanun pozuntularını davam etdirdiyi qeyd olunub. İsrailin aramsız hücumları nəticəsində Qəzza şəhərində yerləşən Rantisi Uşaq Xəstəxanası ilə Göz Xəstəxanasının fəaliyyətini dayandırdığı, şəhərdə yerləşən Tibbi Yardım Mərkəzinin isə tamamilə dağıldığı bildirilib.
İsrail ordusunun 7 oktyabr 2023-cü ildən bəri davam edən hücumları nəticəsində Qəzza zolağında həyatını itirənlərin sayı 65 min 344-ə çatıb. Son 24 saat ərzində 61 nəfər ölüb, 220 nəfər yaralanıb. Qəzza Səhiyyə Nazirliyindən verilən yazılı açıqlamada, İsrailin davam edən hücumları və bölgədəki aclıq səbəbindən baş verən itkilər barədə məlumat verilib. Son 24 saat ərzində Qəzza xəstəxanalarına 61 ölü və 220 yaralının gətirildiyi bildirilib. İsrail ordusunun 19 yanvarda əldə edilən atəşkəsi pozaraq 18 martdan bəri həyata keçirdiyi hücumlarda 12 min 785 Fələstinlinin öldüyü, 54 min 754 nəfərin yaralandığı qeyd olunub.
Azərbaycan Respublikası "Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı" proqramı çərçivəsində ölkəmizdə ali təhsil almaq hüququ qazanmış 14 fələstinli tələbəni Qəzza bölgəsindən təxliyə edib. Xarici İşlər Nazirliyi tərəfindən həyata keçirilmiş təxliyə prosesi 17 sentyabr tarixində başlayıb və artıq həmin tələbələrdən 10 nəfəri bu gün səhər Heydər Əliyev adına beynəlxalq hava limanında qarşılanıb. Digər 4 nəfərin isə yaxın saatlarda qarşılanması nəzərdə tutulur.