BMT baş katibi Antonio Quterreş çərşənbə axşamı Qəzza şəhərinin “sistematik dağıdılmasını” pisləyib və bildirib ki, İsrailin soyqırımı törədib-törətmədiyi barədə qərarı beynəlxalq məhkəmələr verməlidir. “Baş katibin səlahiyyətlərinə soyqırımı barədə hüquqi qərar vermək aid deyil. Bu, yalnız Beynəlxalq Ədalət Məhkəməsinin səlahiyyətinə daxildir”-deyə Quttereş Quterreş Nyu-Yorkda jurnalistlərin suallarını cavablandırarkən deyib.
#Qəzza münaqişəsi
Avropa İttifaqı (Aİ) Komissiyası üzv ölkələrə İsrail mallarına tətbiq olunan ticarət imtiyazlarının dayandırılmasını və İsrail rəsmilərinə sanksiyalar tətbiq edilməsini təklif edib. Aİ-nin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaja Kallas və Aİ Komissiyasının Ticarət üzrə üzvü Maros Sefcoviç Brüsseldə keçirdikləri birgə mətbuat konfransında İsrailə qarşı sanksiya təklifinin təfərrüatlarını açıqlayıblar. Kallas bildirib ki, “İsrail hökumətinin Qəzzaya qarşı hücumu müharibənin yeni mərhələsidir və humanitar böhranı daha da dərinləşdirəcək”. O, aşırı sağçı İsrail nazirlərinə, işğal altında olan Fələstin torpaqlarını zəbt edən zorakı məskunlaşma sakinlərinə və onları dəstəkləyən qurumlara qarşı sanksiyalar paketi təqdim etdiyini açıqlayıb.
İsrailin intensiv hücumları altında olan Qəzza zolağının şimal bölgələrində internet və rabitə xidmətləri tamamilə dayandırılıb. Fələstinin telekommunikasiya şirkətləri tərəfindən yayılan yazılı açıqlamada bildirilib ki, İsrail ordusunun hücumlarının hədəfi olan Qəzza şəhəri və Şimal vilayətində sabit internet və əlaqə xidmətləri tamamilə kəsilib. Açıqlamada qeyd olunub ki, İsrail ordusu bölgəyə rabitə və internet xidməti göstərən əsas xətləri hədəfə alıb və nəticədə xidmətlərdə kəsinti baş verib. Həmçinin, təhlükələrə baxmayaraq, rabitə xətlərinin bərpası üçün texniki işlərə başlanıldığı vurğulanıb.
İsrail ordusu bu gün səhər saatlarından etibarən Qəzza şəhərinə yönələn quru hücumunu genişləndirərək intensiv hava zərbələri endirib. Hücumlar nəticəsində azı 17 fələstinli, o cümlədən 7 nəfər Qəzza şəhərində həlak olub, onlarla insan yaralanıb. Fələstin rəsmi agentliyi “Vafa”-nın məlumatına görə, Xən Yunusun Məvasi bölgəsində yerləşən qaçqın çadırına endirilən zərbədə eyni ailədən 3 nəfər həyatını itirib. Mərkəzdə, Nuseyrat düşərgəsində isə bir ailənin evi hədəfə alınaraq ata, hamilə ana və qız övladı öldürülüb. Qəzzanın cənubunda Tel əl-Həva məhəlləsində yerləşən yaşayış mənzilinə hücum zamanı da 2 nəfər ölüb, digərləri yaralanıb.
İsrail ordusu Qəzza şəhərində yerləşən və içərisində 80 xəstənin olduğu Rantisi Uşaq Xəstəxanasını bombalayıb. Qəzzadakı Səhiyyə Nazirliyinin açıqlamasına görə, dünən axşam saatlarında İsrail ordusu xəstəxananın yuxarı mərtəbələrinə bir neçə dəqiqə fasilə ilə üç dəfə hava zərbəsi endirib. Nazirliyin açıqlamasında hücum qınanıb və bu addımın İsrailin Qəzza zolağında səhiyyə sistemini hədəf alma və xidmətləri sıradan çıxarma yönündəki sistematik siyasətinin bir sübutu olduğu bildirilib.
ABŞ prezidenti Donald Tramp İsrailin Qəzzaya başlatdığı genişmiqyaslı quru əməliyyatını “özünümüdafiə” adlandırıb. Tramp çıxışında deyib: “Əgər onlar belə etsələr, böyük bir bəlaya düşəcəklər. Yenə də böyük bəlaya düşəcəklər”. O, HƏMAS-ın girovları “mağaralardan və dərin tunellərdən” hərəkət etdirdiyini iddia edərək bu metodları “əsrlərdir görünməmiş vəhşilik” adlandırıb.
Türkiyə Xarici İşlər Nazirliyi, İsrailin Qəzza şəhərində quru əməliyyatı başlatması ilə bağlı yazılı açıqlama yayıb. Açıqlamada, İsrailin hücumları qətiyyətlə pislənib, və qeyd olunub ki, bu quru əməliyyatı, bir milyondan çox fələstinlinin sığındığı Qəzza şəhərində davam edən qətliamların daha da şiddətlənməsinə səbəb olacaq. Həmçinin vurğulanıb ki, əməliyyat yüz minlərlə fələstinlinin bir daha yerindən-yurdundan didərgin düşməsinə gətirib çıxaracaq və bölgədəki insani böhranı daha da dərinləşdirəcək.
İsrail ordusunun 7 oktyabr 2023-cü ildən bu yana Qəzza zolağına qarşı həyata keçirdiyi hücumlarda həlak olanların sayı son 24 saatda 59 nəfər artaraq 64 min 964-ə yüksəlib. Qəzzadakı Səhiyyə Nazirliyi tərəfindən yayımlanan yazılı açıqlamada, İsrailin davam edən hücumları nəticəsində baş verən ölüm və yaralanma halları ilə bağlı son statistika təqdim olunub. Məlumata görə, son 24 saat ərzində Qəzza zolağındakı xəstəxanalara 59 nəfər meyit və 386 yaralı gətirilib.
İsrailin Qəzzədə tətbiq etdiyi sistemli aclıq siyasəti səbəbindən xəstəxanalar yetərsiz qidalanma nəticəsində dərisi-sümükləri görünən, ölümə yaxın olan uşaqlarla doludur. Aclıqdan ölənlərin sayı isə sürətlə artır. Aclıq səbəbindən baş verən ölümlər təhlükəli həddə çatıb. Qəzzə Səhiyyə Nazirliyinin son məlumatlarına görə, yetərsiz qidalanma və aclıq səbəbilə ölənlərin sayı 146-sı uşaq olmaqla 428-ə yüksəlib. Cənubda yerləşən Xan Yunis şəhərindəki Nasir Xəstəxanası, qida çatışmazlığından əziyyət çəkən, tibbi imkanların olmaması səbəbindən diaqnoz və müalicə oluna bilməyən xəstəliklərlə mübarizə aparan uşaqlarla doludur. Bu uşaqların bəziləri nə yeməyə bir şey, nə də qalmağa yataq tapa bilir və kömək əli uzanmasını gözləyirlər.
Fələstin Xarici İşlər Nazirliyi İsrail ordusunun Qəzza şəhərinə quru hücuma başlamasının ardından beynəlxalq ictimaiyyəti “fövqəladə və təcili müdaxilə”yə çağırıb. Nazirliyin bəyanatında bildirilib ki, Qəzzada baş verənlər mülki əhalinin qəsdən hədəfə alınması, şəhərin kütləvi məzarlığa çevrilməsi və yaşanmaz hala gətirilməsi deməkdir. Məlumata görə, təqribən bir milyon fələstinli ölüm təhlükəsi altında qaçqın vəziyyətinə düşüb. Fələstin XİN beynəlxalq ictimaiyyəti hərbi cinayətləri dayandırmağa, dərhal atəşkəsə nail olacaq siyasi və diplomatik həll yollarını gücləndirməyə, mülki şəxslərin qorunmasına, onların Qəzza zolağından məcburi köçürülməsinin qarşısını almağa çağırıb. Eyni zamanda girovların və məhbusların azad edilməsi, humanitar yardımın davamlı şəkildə çatdırılması üçün “Nyu-York Bəyannaməsi”nin icrasının vacibliyi vurğulanıb.
İsrail ordusunun 7 oktyabr 2023-dən bəri Qəzza zolağına davamlı hücumları nəticəsində həlak olanların sayı artmaqda davam edir. Qəzza Səhiyyə Nazirliyinin açıqlamasına görə, son 24 saatda 34 nəfər həyatını itirib, 316 nəfər isə yaralanıb.
İsrailin hücumları və mühasirəsi səbəbindən Qəzza zolağında aclıq fəlakəti yaşanır. Son 24 saat ərzində 3 fələstinli daha aclıq və qidalanma çatışmazlığı səbəbilə həlak olub. Bu barədə Qəzzadakı Fələstin Səhiyyə Nazirliyi yazılı açıqlama yayıb. Bildirilib ki, aclıq və qida çatışmazlığı səbəbindən ölənlərin sayı 7 oktyabr 2023-cü ildən bu yana 425-ə yüksəlib. Onlardan 145-i uşaqdır. BMT-nin dəstəklədiyi Enteqre Qida Təhlükəsizliyi Faza Təsnifatı (IPC) 22 avqust tarixində Qəzza şəhərində "aclq vəziyyəti" elan edib. Həmin tarixdən bu günə qədər bölgədə 30-u uşaq olmaqla 147 nəfər aclıq səbəbilə həyatını itirib.