#Qəzza münaqişəsi

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Gebreyesus xəbərdarlıq edib ki, Qəzza zolağı “nəsillər boyu davam edəcək” miqyasda səhiyyə fəlakəti yaşayır. Tedros “BBC” telekanalına açıqlamasında bildirib ki, Qəzza əhalisinin mürəkkəb ehtiyaclarını qarşılamaq üçün humanitar yardımların miqyası kəskin şəkildə artırılmalıdır. O, Qəzzada atəşkəsin əldə edilməsini alqışlasa da, atəşkəsdən sonra artan yardımın hələ də səhiyyə sisteminin bərpası üçün kifayət etmədiyini vurğulayıb.

ABŞ-ın Dövlət katibi Marko Rubio Qəzzada əldə olunan atəşkəsin detalları və icrası ilə bağlı müzakirələr aparmaq üçün İsrailə səfər edəcək. İsrail mediasında yayılan xəbərlərə görə, Rubio iki günlük səfəri çərçivəsində sabah İsrailə çatacaq. Məlumata görə, səfərin əsas gündəm mövzusunu Qəzzada razılaşdırılan atəşkəsin tətbiqi təşkil edir. Rubionun səfəri ABŞ-ın bölgədəki diplomatik səylərinin davamı kimi qiymətləndirilir. Qeyd edilir ki, bundan öncə ABŞ vitse-prezidenti Cey Di Vans, Prezident Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoff və Trampın kürəkəni Cared Kuşner də bu həftə Qəzzada atəşkəsin davamlılığını təmin etmək məqsədilə İsrailə səfər etmişdilər.

Böyük Britaniya Müdafiə Nazirliyi bəyan edib ki, kiçik sayda britaniyalı hərbi planlaşdırma zabitləri Qəzzada sabitliyin təmin edilməsinə yönəlmiş səylərə dəstək məqsədilə İsrailə göndərilib. Onlar ABŞ-ın rəhbərlik etdiyi birgə əməliyyat qrupuna qoşulublar. ABŞ, Misir və Qətər bu həftə İsrail və “HƏMAS” arasında atəşkəs sazişinin ilkin mərhələlərinin möhkəmləndirilməsi və ABŞ prezidenti Donald Trampın 20 maddəlik müharibəyə son qoyma planının həyata keçirilməsi üçün intensiv vasitəçilik aparır.

Fələstin Təhsil və Tədris Nazirliyi bildirib ki, 2023-cü ilin oktyabrından bəri İsrailin Qəzza və İordan çayının Qərb sahilinə (Yəhuda və Samariyaya) həyata keçirdiyi hücumlar nəticəsində 20 min 58 şagird həyatını itirib, 31 min 139 şagird isə yaralanıb. Nazirliyin yayımladığı rəsmi açıqlamaya görə, 7 oktyabr 2023-cü ildən etibarən İsrailin Qəzzada həyata keçirdiyi hava və quru əməliyyatlarında 19 min 910 şagird həlak olub, 30 min 97 nəfər yaralanıb.

Qəzzadaki hökumət, HƏMAS ilə İsrail arasında 10 oktyabrda əldə edilən atəşkəsdən bəri Qəzza zolağına humanitar yardım daşıyan cəmi 986 yük maşınının daxil olduğunu bildirib. Qəzza hökumətinin media ofisindən yayılan yazılı açıqlamada, İsrailin iki il boyunca blokada altında saxlayıb bombaladığı Qəzza zolağına atəşkəs və əsir mübadiləsi razılaşmasından sonra çatdırılan humanitar yardımla bağlı məlumat verilib. Açıqlamada qeyd olunub ki, atəşkəs qüvvəyə mindikdən sonra 14-ü məişət qazı balonu və 28-i yanacaq daşıyan olmaqla, ümumilikdə 986 yardım yük maşını Qəzza zolağına çata bilib.

Qətər dövlətinin əmiri Şeyx Təmim bin Həməd Al Tani İsraili Qəzza zolağında soyqırım törətməkdə ittiham edib. O bildirib ki, bölgədə baş verənlər “bütün beynəlxalq qanun və normaların açıq şəkildə pozulmasıdır.” Əmir bu fikirləri çərşənbə axşamı günü Qətər Şura Məclisinin yeni iclas ilinin açılışında səsləndirib. O vurğulayıb ki, “Qəzza sektoru vahid Fələstin dövlətinin ayrılmaz hissəsidir” və Qətər İsrailin davamlı hücumlarını, eləcə də atəşkəs razılaşmalarının təkrar pozulmasını qəti şəkildə pisləyir.

İsrail ordusunun atəşkəsə baxmayaraq son 24 saatda Qəzzada həyata keçirdiyi hücumlarda 45 nəfər həlak olub. Qəzzadaki Səhiyyə Nazirliyinin yaydığı yazılı açıqlamada, İsrailin hücumları nəticəsində baş verən insan tələfatı, yaralılar və dağıntılar altından çıxarılan cəsədlərlə bağlı məlumatlar paylaşılıb. Son 24 saat ərzində Qəzza zolağındakı xəstəxanalara, dağıntılar altından çıxarılan 12 nəfər də daxil olmaqla, ümumilikdə 57 meyit və 158 yaralı gətirilib.

Misir, İsrail və Həmasa Şarm əl-Şeyx şəhərində imzalanan Qəzzada atəşkəs sazişinə əməl etməyə çağırıb. Misir Xarici İşlər Nazirliyinin yaydığı yazılı açıqlamaya görə, nazir Bədr Əbdülati Fransa xarici işlər naziri Jan-Noel Barro və Danimarka xarici işlər naziri Lars Lökke Rasmussenlə telefonla danışıb. Əbdülati qeyd edib ki, Şarm əl-Şeyx şəhərində imzalanan Qəzzada atəşkəs razılaşmasına tərəflərin əməl etməsi son dərəcə vacibdir.

Avropa İttifaqının (Aİ) Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaja Kallas bildirib ki, Aİ-nin xarici işlər nazirləri Qəzzədə atəşkəsin ardından İsrailə qarşı sanksiya təkliflərinin gələcəyini müzakirə edəcəklər. Kallas bu barədə Lüksemburqda keçirilən Aİ Xarici İşlər Nazirləri Toplantısı öncəsi jurnalistlərə açıqlama verib. Kallasın sözlərinə görə, nazirlər Qəzzada 10 oktyabrda elan edilən atəşkəsdən sonra bölgədəki vəziyyəti və İsrailə qarşı sanksiya təkliflərini nəzərdən keçirəcəklər.